Cümə , 29 Mart 2024
Ana səhifə / Azərbaycan / Abbas Lisaninin apelyasiya məhkəməsi keçiriləcək

Abbas Lisaninin apelyasiya məhkəməsi keçiriləcək

Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi hazırda Ərdəbil zindanında siyasi məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin apelyasiya məhkəməsi üçün vaxt təyin edib.

Göndərilən çağırış vərəqəsində tanınmış fəalın sentyabrın 16-da məhkəməyə müraciət etməsi tələb olunub. Apelyasiya məhkəməsində Ərdəbil İnqilab Məhkəməsinin fəal barəsində 8 illik həbs qərarına edilən etiraza baxılacaq.

Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi Nasir Ətəbatidir. O ötən aylarda İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi tərəfindən bu şöbənin rəisi və Ərdəbil Əyaləti Ədliyyə Şöbəsinin rəisi postuna təyin olunub.

Nasir Ətəbati bundan əvvəl Ərdəbilin prokuroru olub. Abbas Lisaninin sözügedən dosyesinin iddinaməsi də Nasir Ətəbati tərəfindən hazırlanıb.

“Sistemə müxalif kütləvi informasiya vasitələrinə müsahibə verib və çıxış etməklə Qərbi Azərbaycanda türk qövmlərini təhrik etmək, kürd qövmü ilə savaş məqsədi ilə təbliğat aparmaq, sözdə mədəni qrup adlanan GAMAC-da (təşkilatın əsas qolu) üzv olmaq, həmçinin onun yaradılması və idarəçilində iştirak etmək, sistemə qarşı olan mətbuat orqanlarına müsahibə verərək yalan məlumat yaymaq yolu ilə sistemin əleyhinə təbliğat aparmaq kimi ittihamlarla əlaqədar şikayətinizə baxılması üçün təyin olunan vaxtda Apelyasiya Məhkəməsi şöbəsinə müraciət edin.”- deyə çağırış vərəqəsində qeyd olunub.

Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.


Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum oldu. O 8 aydır ki, Ərdəbil zindanında saxlanılır. Soydaşlarımız bu müddətdə fəalın azadlığa buraxılmasını tələb edən bir çox tədbirlər həyata keçirib.

Adını çəkdiyimiz tanınmış fəal 20 ildən çoxdur ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. O bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib, uzun illər həbs olunub və müxtəlif təzyiqlərlə üzləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir