Cümə , 29 Mart 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlılardan Tehranda qaldırılmış “Qarabağ Ermənistanındır” plakatına ETİRAZ – GÖRÜNTÜ

Güney azərbaycanlılardan Tehranda qaldırılmış “Qarabağ Ermənistanındır” plakatına ETİRAZ – GÖRÜNTÜ

Xocalı soyqırımının ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılması güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

Hadisədən qəzəblənən güneylilər sosial şəbəkələrdə İran rejimi və işğalçı ölkəyə öz etirazlarını bildirib, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu vurğulayıblar. Soydaşlarımız “Xocalı qətliamının ildönümündə Paşinyanın İrana dəvət olunmasını qınayırıq” yazılmış banner də nümayiş etdirib. Onlar bu vasitə ilə Güney Azərbaycanın İranla Ermənistan arasında olan dostluq münasibətindən narahat olduğunu islam cümhuriyyəti və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyiblər.

Ötən gecə Tehran “Ararat” klubunun divarlarına da çoxlu şüarlar yazılıb. Azərbaycanlı gənclər “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarını yazmaqla işğalçılar qarşısında daim ana vətənin keşiyində duracaqlarını nümayiş etdiriblər.

1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri N.Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.

N.Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub.

Urmiyənin millət vəkili Hadi Bahaduri fevralın 28-də “Nəsr” xəbər agentliyinə verdiyi müsahibədə bu məsələyə görə İranın xarici işlər nazirini cavab verməyə çağırıb. O bildirib ki, Ermənistan baş nazirinin Xocalı qətliamının ildönümündə Tehrana dəvət olunması qəbuledilməzdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir