Cümə , 29 Mart 2024
Ana səhifə / Azərbaycan / Zəhra Nəvidpurun dosyesi ilə bağlı ziddiyyətli xəbərlər davam edir: Salman Xudadadi barəsində hökm çıxarılmadığını deyir

Zəhra Nəvidpurun dosyesi ilə bağlı ziddiyyətli xəbərlər davam edir: Salman Xudadadi barəsində hökm çıxarılmadığını deyir

Məlikanın sözdə millət vəkili Hacı Salman Xudadadi cinsi təcavüzlə bağlı dosyesinə görə barəsində məhkəmə hökmü çıxarıldığını təkzib edib.

Məhkəmə işi yanvar ayında evdə cansız bədəni tapılan Zəhra Nəvidpurla bağlıdır.

Bir neçə gün əvvəl kütləvi informasiya vasitələri Hacı Salman Xudadadinin barəsində məhkəmə hökmü çıxarıldığını bildirib. Qeyd olunub ki, Tehran Cəza Məhkəməsinin 5-ci Şöbəsi millət vəkilinə qadına təcavüz ittihamı ilə bağlı bəraət verib, lakin onu qeyri-məşru cinsi əlaqədə olmaqda günahlandıraraq barəsində 2 il işindən uzaqlaşdırma, 2 il sürgün və 99 şallaq zərbəsi hökmü çıxarıb.

Martın 15-də Tehran Əyaləti Ədliyyə İdarəsinin rəisi Qulam Hüseyn İsmaili “Mizan” agentliyinə verdiyi müsahibədə yayılan xəbəri dolayı yolla təsdiqləyib. Həmin gün parlamentin deputatların davranışına nəzarət edən heyətinin sözçüsü Məhəmməd Cavad Camali xəbəri yalanlayıb. O bildirib ki, bir millət vəkili barəsində hər hansı hökm çıxarılarsa, bu barədə mütləq bizə məlumat verilməlidir. Lakin bu haqda heyətə heç bir məlumat daxil olmayıb.

Bundan sonra “Şərh Online” və “Rokna” kimi bir neçə mətbuat orqanı Məlikan prokuroru Mehdi Əlimuradiyə istinadən bildiriblər ki, Zəhra Nəvidpurun qatili öz qardaşıdır. Cinayət hadisəsi namus məsələləri ilə əlaqədar baş verib və artıq qatil saxlanılıb.

Bu barədə informasiya yayıldıqdan qısa müddət sonra “Rokna” agentliyi xəbəri təkzib edərək bildirib ki, yayılan məlumat məhkəmə orqanı tərəfindən təsdiqlənməyib.

Martın 19-da isə Hacı Salman Xudadadi mövzu ilə bağlı bir bəyanat yayıb. O özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək barəsində məhkəmə hökmü çıxarılmadığını qeyd edib. “Mənim barəmdə heç bir qərar verilməyib. Buna baxmayaraq bəzi mətbuat orqanları məhkəmə hökmü barədə xəbər yayıb. Bütün bunlar təxribatdır, hamısı məni siyasi səhnədən uzaqlaşdırmağa yönəlib. Şübhəsiz ki, bu gizli planın üstü bir gün açılacaq”- deyə o bəyanatın bir hissəsində qeyd edib.

İran parlamentinin ictimai komissiyasının rəisi vurğulayıb ki, çıxarılacaq məhkəmə hökmü qəti olmayacaq, tərəflərə hökmə etiraz etmək fürsəti veriləcək.

Məhkəmə işi ilə bağlı bu kimi ziddiyyətli xəbərlərin yayılması şübhəsiz ki, təcavüz və qətl hadisəsi ilə əlaqədar həqiqəti təhrif etmək üçün zəmin yaratmağa yönəlib. Bundan əvvəl isə bəzi mətbuat orqanları cinsi təcavüzə məruz qaldıqdan sonra öldürülən Zəhra Nəvidpur haqda müxtəlif şayiələr yaymağa cəhd göstərib, onu sözdə əxlaqsızlıqda günahlandırıblar.

Zəhra Nəvidpur həyatdaykən 4 il müddətinə Hacı Salman Xudadadi tərəfindən cinsi təcavüzə məruz qaldığına dair məhkəmə orqanları, insan hüquqları təşkilatları və kütləvi informasiya vasitələrinə bir çox sənədlər təqdim edib.

Məlikanın vaxtı ilə “Sepah” üzvü olan millət vəkili və onun əlaltıları Zəhra Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid edib. Cinsi təcavüzə məruz qalan xanım qətlindən əvvəl bu barədə çoxlu sənədlər ifşa etmişdir.

28 yaşlı Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Bununla bağlı Hacı Salman Xudadadi barəsində bir çox məsələni ifşa edən material 2018-ci il noyabrın 19-da GünAz TV-nin “165” verilişində yayımlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir