Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Boris Conson İraq parlamentinin xarici qoşunların ölkə ərazisindən çıxarılması barədə qərarından sonra rəsmi Bağdadı İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiyanı dəstəkləməyə çağırıblar.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət və hökumət rəsmilərinin birgə bəyanatında bildirilir.
“Biz həmçinin İŞİD-lə mübarizənin davamına sadiqliyimizi təsdiq edirik. Buna əvvəlki kimi çox üstünlük verilir. Koalisiyanın saxlanılması bu cəhətdən böyük əhəmiyyətə malikdir. Biz İraqın dövlət orqanlarını koalisiyaya lazımi dəstəyi göstərməyi davam etdirməyə çağırırıq”, – deyə Almaniya Federativ Respublikasının Nazirlər Kabineti tərəfindən yayılmış sənəddə bildirilir.
Liderlər əlavə ediblər ki, regionda gərginliyi azaltmaq üçün və təhlükəsizliyi təmin etmək üçün bütün tərəflərlə işləməyə davam edəcəklər.
Qeyd edək ki, İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib.