Amerikanın yüksək rütbəli bir rəsmisi aprelin 1-də “Röyters” agentliyinə açıqlamasında Tramp hökumətinin İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşmasından danışıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi, Vaşinqtonun İrana qarşı təzyiqi davam etdirməkdə məqsədini açıqlayıb: “Tramp hökuməti Amerikanın Qərblə İran arasında imzalanmış nüvə sazişindən çıxmasının ildönümündə İran iqtisadiyyatının müxtəlif sektorlarına yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu dəfə, bu günə qədər sanksiyaya məruz qalmayan İran iqtisadiyyatının müxtəlif sahələri hədəfə alınaraq, barələrində sanksiya qoyulacaq.
Beynəlxalq ticarət şirkətləri bir məsələni nəzərə almalıdır. O da budur ki, onların indiki şəraitdə İranla əməkdaşlıq edərək alış-verişə girməsi ən pis ideya və variantdır. Biz onların bunu başa düşməsini istəyirik. Yeni sanksiyalar qarşıdan gələn həftələrdə tətbiq ediləcək. Daha doğrusu, biz yeni sanksiyaları Amerikanın nüvə razılaşmasından çıxmasının ildönümü ərəfəsində tətbiq etməyə çalışacağıq” – deyə Amerika rəsmisi əlavə edib.
ABŞ rəsmisi öz açıqlamasında İran iqtisadiyyatına qarşı tətbiq ediləcək yeni sanksiyaların təfərrüatını açıqlamayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2018-ci il, mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.