Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp “Sepah”ın bu ölkənin İraqda yerləşən iki bazasına təşkil etdiyi raket hücumuna qarşılıq olaraq İrana qarşı yeni sanksiyaların qəbul edilməsini təsdiqləyib.
O qeyd edib ki, rəsmi Vaşinqton onsuzda ağır olan sanksiyaları daha da artırıb.
Tramp yeni sanksiyaların detalları barədə geniş açıqlama verməyib. ABŞ prezidenti yanvarın 8-də sözügedən hücumla bağlı ilk etdiyi çıxışda sülhə çalışdığını və müharibə istəmədiyini deməklə yanaşı, İrana qarşı sanksiyaların daha da genişlənəcəyinin anonsunu vermişdi.
Tramp jurnalistlərə verdiyi açıqlamada yeni sanksiyalarla bağlı qərarı ötən gün Maliyyə naziri ilə görüşündə təsdiq etdiyini bildirib. Beləliklə, Maliyyə Nazirliyi yaxın günlərdə yeni sanksiyaların detallarını bəyanat yayaraq elan edəcək.
Xatırladaq ki, “Sepah” yanvarın 8-də ABŞ-ın İraqda yerləşən 2 bazasına raket zərbələri endirmişdi. Amerika tərəfi hücum nəticəsində insan tələfatının qeydə alınmadığını bəyan edir.