Cümə , 29 Mart 2024
Ana səhifə / İran / Brayan Huk: “Həsən Ruhani qarğış və cadu etməyə üz tutub”

Brayan Huk: “Həsən Ruhani qarğış və cadu etməyə üz tutub”

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk Həsən Ruhaninin hökumət kabinetinin son iclasında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Martın 18-də keçirilmiş iclas zamanı Həsən Ruhani İran xalqına xitabən bildirmişdi ki, “bacardığınız qədər ölkədə mövcud şəraitin yaranmasına səbəb olan şəxsə lənət edin”.

İran prezidenti həmçinin Amerika, İsrail və onların regionda olan müttəfiqlərini valyuta və əmtəə qiymətləri sahəsində İrana “problemlər yaratmaq”da ittiham etmişdi. O, xarici ölkələri İrandakı mövcud ağır şəraitin yaranmasına görə günahkar saymışdı.

Həsən Ruhani bu çıxışından iki gün öncə isə ölkənin məhkəmə sistemindən amerikalı rəsmilər, İrana qarşı sanksiyaları “hazırlayanlar” və “onlara bu sahədə kömək edənlərə” qarşı “bəşəriyyət əleyhinə cinayət” maddəsi ilə cinayət işi qaldırılmasını istəmişdi.

Brayan Huk İran prezidentinin son çıxışına münasibətində isə bildirib ki, Həsən Ruhani ölkənin iflic olmuş iqtisadiyyatını stabilləşdirmək əvəzinə xalqdan Amerika, İsrail və Səudiyyə Ərəbistanına qarğış və bəd dua etməyi istəyir: “Ruhani qarğış və caduya üz tutmaqla öz əməllərinə görə digərlərini günahlandırmağa çalışır”- deyə amerikalı diplomat əlavə edib.

Huk həmçinin qeyd edib ki, “İran xalqı qarğış etmək yerinə işləmək və həyat şəraitini yaxşılaşdırmaq istəyir”.

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından çıxması və rəsmi Tehrana qarşı yenidən sanksiyalar qəbul etməsi nəticəsində İran iqtisadiyyatı ağır vəziyyətə düşüb. İran rejimi Suriyada gedən müharibəyə, eləcə də terror qruplaşmalarına sərf etdiyi milyardlarla dollar vəsaiti ölkə iqtisadiyyatının dirçəldilməsi üçün istifadə etmək əvəzinə mövcud vəziyyətə görə digər ölkələri günahlandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir