Şənbə , 14 Dekabr 2024
Ana səhifə / İran / Cavid Rəhman İranı koronavirus səbəbindən bütün siyasi məhbusları müvəqqəti azadlığa buraxmağa çağırıb

Cavid Rəhman İranı koronavirus səbəbindən bütün siyasi məhbusları müvəqqəti azadlığa buraxmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının İranda insan hüquqları üzrə xüsusi həmməruzəçisi Cavid Rəhman koronavirusun ölkəni cənginə aldığı bir vaxtda İranın siyasi məhkumları hələ də həbsxanalarda saxlamasından dərin təəssüf və narahatlıq hissi keçirdiyini bəyan edib.

O, Cenevrədə keçirdiyi mətbuat konfransında həbsdə olan ikili vətəndaşlığı olan şəxslərin də virusa yoluxma təhlükəsi ilə üz-üzə olduqlarını deyərək, rəsmi Tehranı bütün məhkumları dərhal müvəqqəti azadlığa buraxmağa çağırıb.

İran rejiminin yalnız 70 min məhbusu müvəqqəti azadlığa buraxmasını ayrıseçkilik adlandıran həmməruzəçisi iranlı rəsmilərdən bu qərarın bütün məhkumlara şamil edilməsini istəyib.

“Siyasi və qeyri-siyasi, eləcə də ciddi cinayət törətdiklərinə görə həbs edilən digər məhbusların hamısı dərhal müvəqqəti olaraq azadlığa buraxılmalıdırlar. İran hökuməti həmin məhbusları azadlığa buraxmazdan öncə isə onlardan korona testi götürməlidir”, – deyə Cavid Rəhman əlavə edib.

BMT rəsmisi sonda iranlı rəsmilərin epidemiyanın qarşısını almaq üçün qəbul etdikləri qərarları tənqid edib və onları çox az və çox gec kimi dəyərləndirib.

Xatırladaq ki, İran rəsmiləri martın 9-da koronavirusun qarşısının alınması çərçivəsində təqribən 70 min məhkumu müvəqqəti azadlığa buraxdıqlarını elan etmişdilər. Lakin həmin insanlar arasında heç bir siyasi və milli fəallar yoxdur. Bu isə onu göstərir ki, İran rejimi siyasi məhkumların həbsxanada qalaraq koronavirusa yoluxmalarında maraqlıdır. İnsan haqları fəalları bildirirlər ki, rejim bununla öz müxaliflərini xəstəlik vasitəsilə aradan qaldırmağa təlaş göstərir.

Digər tərəfdən, BMT-nin ətraf mühit proqramının icraçı direktoru İnger Andersen təmsil etdiyi qurumun sabiq əməkdaşı olan Nilufər Bəyani də daxil olmaqla, İranda məhkumluq həyatı yaşayan bütün ekoaktivistlərin koronavirus səbəbindən dərhal müvəqqəti azadlığa buraxılmasını istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir