Şənbə , 5 Oktyabr 2024
Ana səhifə / İran / Etirazların 3-cü günündə Tehranda Əli Xamneyiyə qarşı “ölüm” şüarları səsləndirilib – 4 VİDEO

Etirazların 3-cü günündə Tehranda Əli Xamneyiyə qarşı “ölüm” şüarları səsləndirilib – 4 VİDEO

İran rəsmilərinin üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın yer-göy raketi ilə vurulmasını etiraf etməsinin ardınca rejimə qarşı dörd gün əvvəl başlanan kütləvi etirazlar dünən də davam edib.

Yanvarın 13-də Tehranın Azadlıq küçə və meydanında, o cümlədən də “Şərif” Universitetində tələbələr də daxil olmaqla minlərlə insan etirazlarlara qalxaraq, İran rəhbərlərini, o cümlədən də “dini lider” Əli Xamneyini yalan danışmaqda, təyyarənin vurulmasının əsl səbəbini cəmiyyətdən gizlətməkdə günahlandırıblar.

Axşam saatlarında Azadlıq meydanında və “Şərif” Universitetinin həyətində toplaşan etirazçılar “Xamneyiyə ölüm”, “Diktatora ölüm” və bu kimi şüarlar səsləndirərək, Əli Xamneyinin istefasını tələb ediblər.

Tehranın “Şərif” Universitetində keçirilən etirazlarda isə, etirazçı tələbə fəallarından biri mikrofun arxasına keçərək, Xamneyini universitetə gəlib tələbələr qarşısına törətdikləri cinayətə görə cavab verməyə çağırıb: “Əgər ölkə liderinin işində hansısa bir problem varsa, o gəlib bizə cavab verməlidir. Biz burda toplaşan tələbələr və sizlər xaricdən gəlməmişik, bu ölkənin vətəndaşlarıyıq. Lakin bizə düşmən gözü ilə baxır, bizi xaricə bağlamaq istəyirlər. Mənim sözüm ölkənin “dini lider”i Əli Xamneyiyədir. Cənab Xamneyi niyə yalan danışırsan. Gəl cavab ver” –deyə, adı açıqlanmayan tələbə fəalı əlavə edib.

Bildirilir ki, “Şərif” Universitetində və Azadlıq meydanında aksiyaçılar rejim qüvvələrinin hücumuna məruz qalıb. Bir neçə etirazçı tutularaq naməlum istiqamətə aparılıb.

İranda xalq etirazları və ölkəyə hakim inqilabi vəziyyət davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir