İran prezidenti Həsən Ruhani öhkəsinin nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində sabah 4-cü addımı atacağını rəsmən bəyan edib.
Onun sözlərinə görə, Fordo nüvə təsisatında hazırda 1044 ədəd sentrifuqa var və noyabrın 6-da onlara qaz təzyiq olunmasıyla, 4-cü addım başladılacaq.
Ruhani Qərb ölkələrinin məsələ ilə bağlı həssasiyyətini dərk etdiyini, lakin onların “öz öhdəliklərinə əməl etdikləri” təqdirdə, İranın da sentrifuqalara qaz təzyiq olunmasını dayandıracağını deyib.
“Öncədən hər kəsə bildirmək istəyirəm ki, bizim yeni fəaliyyətlərimiz də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında icra olunacaq. Onlar öz öhdəliklərinə əməl etsələr, biz də 4-cü addım da daxil olmaqla, bütün addımları dayandırıb, üzərimizə götürdüyümüz öhdəliklərə əməl etməyə hazırıq”,- deyə İran prezidenti əlavə edib.
Qeyd etmək lazımdır ki, Avropa ölkələri bir neçə dəfə rəsmi Tehrana xəbərdarlıq edərək bildiriblər ki, İran öhdəliklərini azaltmağa davam edərsə, onlar da nüvə razılaşmasını tərk etməyə məcbur olacaqlar.
Ötən gün Avropa İttifaqı İrana bir daha yeni nəsil sentrifuqalardan istifadəni dayandırmaqla bağlı xəbərdarlıq edib.