Cümə , 11 Oktyabr 2024
Ana səhifə / İran / İran koronavirus təhlükəsi səbəbindən bütün təhsil müəssisələrində tətil elan edib

İran koronavirus təhlükəsi səbəbindən bütün təhsil müəssisələrində tətil elan edib

 İranın Koronavirusun İdarə Edilməsi və Qarşısının Alınması Qərargahı ölkədə bütün təhsil müəssisələrində tətil elan edilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə ölkənin Səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə öz “Twitter” səhifəsində məlumat yayıb.

Qərara əsasən, ali təhsil müəssisələrində tətil müddəti daha 1 həftə uzadılacaq. Lakin bunun üçün prezident də öz razılığını verməlidir.

Səhiyyə naziri Səid Nəməki isə məsələ ilə bağlı yaydığı məlumatda qeyd edib ki, dövlət və özəl universitetlər distant təhsil sisteminə keçmək şərti ilə, 1 həftə tətilə buraxılacaqlar.

Xatırladaq ki, ölkə prezidenti Həsən Ruhani ötən günki çıxışında koronavirusun qarşısını almaq üçün qurum və mərkəzlərin tətilə buraxılması ilə bağlı fikirləri “Amerikanın məkrli planı” adlandırmış və bildirmişdi ki, ölkədə heç bir məhəllə, ya şəhər karantinə alınmayacaq. Buna görə də, təhsil müəssisələrinin tətilə buraxılması ilə bağlı son qəbul edilən qərarın Ruhani tərəfindən imzalanması istisna edilir.

Son rəsmi məlumatlarda İranda koronavirusdan ölənlərin 22 nəfər, bu xəstəliyə tutulanların isə 140 nəfər olduğu deyilir. Lakin qeyri-rəsmi məlumatlarda bu rəqəmlərin yüzlərlə olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir