Cümə axşamı , 10 Oktyabr 2024
Ana səhifə / İran / İran Rusiyanın Rosatom şirkətinin Fordo nüvə zavodunda fəaliyyətini dayandırmasına münasibət bildirib

İran Rusiyanın Rosatom şirkətinin Fordo nüvə zavodunda fəaliyyətini dayandırmasına münasibət bildirib

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi Rusiyanın Rosatom şirkətinin Fordo nüvə kompleksində fəaliyyətini dayandırmasına münasibət bildirib.

O bildirib ki, rəsmi Tehran rusların Amerika Birləşmiş Ştatlarının İranla sivil nüvə sahəsində əməkdaşlıq edən şirkətlərə verdiyi güzəştləri uzatmadığına görə layihələrin icrasını dayandırdığını düşünmür.

“Rosatom kompleksin modernləşdirilməsi və yenidən qurulması sahələrində icra etdiyi layihələrin dayandırılmasını uranın zənginləşdirilməsi və sabit izotopların istehsalının zavodun yalnız 1 bölməsində həyata keçirilməsinin mümkün olmaması ilə bağlayıb. Texniki baxımdan biz ruslara ehtiyac olmadan da sabit izotopların istehsalı prosesinə davam edə bilərik. Lakin siyasi baxımdan rusların bizim yanımızda olması daha yaxşı olduğundan, onlarla danışıqları davam etdiririk”,- deyə Bəhruz Kamalvəndi əlavə edib.

Xatırladaq ki, dekabrın 5-də Rusiyanın Rosatom şirkəti İranın Fordo nüvə kompleksinin modernləşdirilməsi və modifikasiyası üzrə icra etdiyi layihələri dayandırdığını bəyan etmişdi. Şirkət bunun səbəbini texniki məsələlərlə bağlamışdı.

Həmin gün Rusiyanın Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirmiş, ölkə mütəxəssislərinin Qum şəhərində yerləşən Fordo zavodunda fəaliyyətlərini “tam dayandırmadıqlarını, yalnız müəyyən zamana qədər təxirə saldıqlarını” bəyan etmişdi.

Bəhruz Kamalvəndi sonda layihələrin icrasını ruslarla davam etdirib- etdirməyəcəkləri xüsusunda yaxın zamanlarda detalları açıqlayacaqlarını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir