Cümə axşamı , 10 Oktyabr 2024
Ana səhifə / İran / İranda polisin etirazçılara atəş açması nəticəsində ölənlərin sayı artıb

İranda polisin etirazçılara atəş açması nəticəsində ölənlərin sayı artıb

;

Xəbər verdiyimiz kimi, İranın müxtəlif şəhərlərində ötən axşamdan benzinin 3 dəfə bahalaşmasına görə xalq etirazları başlayıb.

Bu gün ərzində keçirilən etirazlar zamanı polisin insanlara atəş aşması nəticəsində azı 9 nəfər ölüb. Məlumatlara əsasən, ölüm hallarının 4-ü Xürrəmşəhr, qalanları isə hərəsində 1 nəfər olmaqla, Sircan, Şiraz, İsfahan, Behbahan və Kərəcdə qeydə alınıb.

İnsan haqları fəalları etiraz dalğasının Məşhəd, Bircənd, Buşehr, Əhvaz, Mahşəhr, Gəçsaran, Babol, Ümidiyyə, Şuştər, Zahidan, Güney Azərbaycan şəhərləri və digər bölgələrə də yayıldığını bildirirlər. Müxtəlif şəhərlərdə ayağa qalxan xalq dövlətdən benzinə tətbiq edilmiş qiymət artımını ləğv etməyi tələb edir.

İranın hökumət saytlarında çıxan məqalələrdə insanların “siyasi şüarlar səsləndirmədikləri”, “yalnız benzinin bahalaşmasına” etiraz etdikləri iddia olunur. Lakin sosial şəbəkələrdə aksiyalardan yayılmış videolarda xalqın “ölüm olsun diktaturaya” və İranın Yaxın Şərqdə yürütdüyü siyasətə qarşı şüarlar səsləndirdiyi, eləcə də “dini lider” Əli Xamneyinin şəklini yandırdığı nəzərə çarpır.

Məşhəd şəhərindən yayılan videolarda insanların avtomobillərini yollarda saxlayıb getmələri, eləcə də “Ruhani həya et, ölkəni azad et”, “diktator həya et, ölkəni azad et” kimi şüarlar səsləndirdikləri müşahidə edilir.

Bəzi görüntülərdə isə təhlükəsizlik qüvvələrinin sivil etirazçı xalqın üzərinə hücum çəkdiyi görünür.

Xatırladaq ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Bu isə ölkə vətəndaşlarını şoka salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir