İran rəsmilərinin sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı həqiqəti üç gün inkar etməsindən sonra onun “Sepah” tərəfindən vurulduğunu rəsmən etiraf etməsindən sonra yanvarın 11-i axşam saatlarında ölkənin müxtəlif şəhərlərində qəzəbli xalq kütlələri küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər.
Tehranın müxtəlif ali təhsil ocaqlarından, o cümlədən də “Əmir Kəbir” və “Şərif” Universitetlərindən başlavnan etirazlar qısa zaman içində paytaxtın əsas küçələrinə yayılıb. Tələbə fəallarının və hadisə qurbanlarının ailələrinin sosial şəbəkələrdə çağırışından sonra, paytaxtdan başqa, Şiraz, Urmiya, İsfahan, Babil, Sari, Rəşt, Həmədan, Kirman və daha bir neçə şəhərdə yüz minlərlə etirazçı küçələrə axışaraq İtran rəhbərliyinə qarşı şüarlar səsləndirərək, ölkə diktatoru axund Əli Xamneyinin istefasını tələb ediblər.
Əllərində plakatlar gəzdirərək, “Bütün silahlı qüvvələrin baş komandanı (Xamneyi-red) istefa, istefa”, “Diktatora ölüm”, “Xamneyi qatildir, vilayəti batildir”, “Sən qələt eləmisən səhvə yol vermisən”, “Yalançı, yalançı, məmləkəti öz halına burax”, Uzun illərin cinayəti yetər artıq, Vəliyyi-fəqihə ölüm olsun”, “Xamneyi utan xəcalət çək, məmləkədən əl çək”, “Biz bu qədər qurbanları saziş etmək və qatil rəhbəri pərəstiş etmək üçün verməmişik”, “Sepah” cinayət edir, rəhbər də dəstək verir”, “Süleymani qatildir, rəhbəri də cahildir”, “Axund cəhənnəm olsun” və digər bu kimi şüarlar səsləndirən etirazçılar polis qüvvələrinin hücumuna məruz qalıb.
Tehranda polis zoraklığına məruz qalan etirazçılar, “dini lider” Əli Xamneyinin və ötən həftə İraqda öldürülən məşhur terrorçu Qasım Süleymaninin divardan asılmış şəkil və bannerlərini cırıb atıblar.
Polis və mülki geyimli təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, Tehranda polislə etirazçılar arasında qarşıdurmalar yaranıb. Etiraz aksiyalarında onlarla etirazçı həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələrinin təhdidinə baxmayaraq Tehranda və bəzi digər şəhərlərdə xalq etirazları gecə yarısına qədər davam edib. Hazırda paytaxtda vəziyyətin gərhin olduğu bildirilir.
Xatırladaq ki, yanvarın 11-də İran rejimi üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın atdığı yer-göy raketi ilə vurulduğunu etiraf edib. Rejim rəsmiləri bundan əvvəl təyyarənin texniki nasazlıq üzündən qəzaya uğramasına israr edir, törətdikləri cinayəti ört-basdır etməyə çalışırdılar.
Əvvəlcə hadisənin əsl səbəbini gizlətməyə çalışan İran rejimi, Kanada, Amerika, Ukrayna və “Boeing” şirkətinin işə qarışıb dəlil-sübut ortaya qoymasından sonra fakt qarşısında qalaraq, sərnişin təyyarəsinin raketlə vurulduğunu etiraf etmək məcburiyyətində qalıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də bəyanat yayaraq, təyyarənin bir şəxsin tələskənliyi səbəbindən yol verdiyi “səhv”ə görə raketlə vurulduğunu etiraf edib.
Həmin gün, “Sepah” terror təşkilatının hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə jurnalistlər qarşısına çıxaraq, Ukraynanın sərnişin təyyarəsinin “səhvən” vurulmasının bütün məsuliyyətini öz üzərinə götürüb. O deyib ki, təyyarənin raketlə vurulmasından xəbəri olsa da, onun bu barədə açıqlama verməyə icazəsi olmayıb.
Qeyd edək ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsi göyə qalxdıqdan altı dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah”ın yer-göy raketi ilə vurulub. Az sonra təyyarə yerə çırpılaraq partlayıb. Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Qəzada ölənlərin 147 nəfəri İran vətəndaşlarıdır. Onlardan isə 63-ü həm İran, həm də Kanada vətəndaşlarıdır. Ölənlər arasında digər ölkələrin də bir neçə vətəndaşı var. Bildirilir ki, qəzada ölənlərdən 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya uçmalı idilər.
VIDEOLAR: