Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens dünən İsraildə iştirak etdiyi Holokost qurbanlarının anım mərasimində İran rejimini dünyada bir nömrəli anti-semitik dövlət adlandırıb.
O, həmçinin beynəlxalq ictimaiyyəti Holokostu inkar edən İran rejimi qarşısında qətiyyətlə dayanmağa çağırıb.
Auşvitz həbs düşərgəsinin azadlığının 75-ci il dönümünə təsadüf edən sözegedən mərasim İsrailin “Yəd Vaşem” muzeyində keçirilib.
Mərasim zamanı İsrailin Baş naziri Benyamin Netanyahu da çıxış edərək, Avropada yaşayan yəhudilərin Nasist Almaniyası dövründə çəkdiyi zülmlərdən danışıb. O, həmçinin qeyd edib ki, artıq yəhudilərin onların hər bir təhlükə qarşısında müdafiə edən qüdrətli İsrail dövləti var. Netanyahu çıxışında keçmiş Sovet ordusunun Auşvitz həbs düşərgəsini azad etdiyi üçün Rusiyaya təşəkkür edib.
Sonda İsrailin Baş naziri mərasimdə iştirak edən bütün dövlət rəhbərlərini ən böyük terror himayədarı olan İran rejiminə qarşı təzyiq və sanksiyaları artırmağa çağırıb.