Reuters xəbər agentliyi İranın “dini lider”i Əli Xamneyinin ölkəni bürüyən son etirazlar zamanı təhlükəsizlik qüvvələrinə nəyin bahasına olur-olsun, etirazçıları dayandırmaqla bağlı verdiyi göstərişi ifşa edib.
Xamneyinin ətrafından olan 3 nəfərin, eləcə də digər 1 iranlı rəsminin dediklərinə əsasən, etirazlar başlayandan bir neçə gün sonra o, gərgin və narahat olub. Buna görə də, təhlükəsizlik qüvvələri və dövlət rəsmiləri ilə görüş təşkil edib, onlara “etirazları yatırmaq üçün nə lazımdırsa, edin” əmrini verib.
“Dini lider”in yaxın ətrafından olan həmin rəsmilərdən biri Reuters-ə bildirib ki, noyabrın 17-də keçirilən həmin görüş zamanı, o, İslam Republikası rejiminin təhlükə qarşısında olduğunu dilə gətirib, buna görə də, təhlükəsizlik orqanları rəhbərlərinə deyib ki, mənim əmrim hansı şəkildə olur-olsun, etirazları yatırmaqdır.
Xamneyinin bu göstərişi 1979-cu ildən sonra yaşanmış ən qanlı aksiyanın baş verməsinə zəmin yaratdı. Reuters 15 noyabrda başlamış, təqribən iki həftə davam etmiş həmin nümayişlər zamanı azı 1500 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutularaq qətlə yetirildiyini yazır.
Agentlik İranın Daxili İşlər Nazirliyinin 3 rəsmisinə istinadən ölənlər arasında 17 nəfər yeniyetmə, təqribən 400 qadın və bir neçə təhlükəsizlik orqanları əməkdaşının olduğunu qeyd edir.
Reuters bildirir ki, onlara bu statistikanı verən rəsmilərdən 2-si onu təhlükəsizlik orqanları, dəfn mərasimləri, xəstəxanalar və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən əldə edilmiş məlumatlar əsasında hazırlayıb.
Bundan öncə, dekabrın 16-da Amnesty İnternational son etirazlar zamanı ən azı 304 nəfərin qətlə yetirildiyi barədə məlumat yaymışdı. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin məsələ ilə bağlı yaydığı məlumatda isə rəqəmin 1000 nəfərə yaxın olduğunun təxmin edildiyi qeyd edilirdi.
Reuters Xamneyinin yuxarıda sözügedən göstərişi verib-verməməsi ilə bağlı İran hökumətinin sözçüsü və bu ölkənin Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəliyi ilə əlaqə yaratdığını, lakin sonuncuların suala cavab vermədiklərini bildirir.
Xatırladaq ki, noyabr ayının 15-də benzinin bahalaşdırılmasına qarşı İranın demək olar ki, bütün bölgələrində xalq nümayişləri başlamışdı. Ayın 17-də “fiqh xarici dərs”də məsələyə münasibət bildirən Xamneyi bu sahədə mütəxəssis olmadığını, lakin 3 sistemin rəhbərlərinin qiymət artımı ilə bağlı qəbul etdikləri qərarı dəstəklədiyini demişdi. O, həmçinin bir neçə şəhərdə insanların öldüyünü etiraf etmişdi.
Bu günə qədər həmin görüş və ya o gün keçirilən digər görüşlə bağlı heç bir məlumat yayılmamışdı. Lakin Reuters agentliyinin xəbəri həmin günün axşamı Xamneyinin etirazlarla əlaqəli digər görüş keçirib, vətəndaşları qətlə yetirməklə bağlı təhlükəsizlik orqanlarına göstəriş verdiyini əks etdirir.
Xamneyinin göstəriş verdiyi toplantı:
Reutersin məlumatında qeyd edilir ki, noyabrın 17-si axşam saatlarında Xamneyi Tehranın mərkəzində yerləşən, güclü qorunan iqamətgahında Həsən Ruhani, Nazirlər Kabinetinin üzvləri və təhlükəsizlik orqanlarının rəhbər şəxsləri də daxil olmaqla, yüksək vəzifəlilərlə görüş keçirib.
Reutersə bu barədə məlumat verən Xamneyinin yaxın ətrafından olan 3 rəsmi bildirib ki, 80 yaşlı “dini lider” çıxışının sonuda səs tonunu yüksəldib və təhlükəsizlik qüvvələrinin etirazçılarla “yumşaq davranışı”nı tənqid edib. O, həmçinin öz şəklinin və Ruhullah Xomeyninin üzüyünə qoyulmuş heykəlin insanlar tərəfindən yandırılmasına bərk qəzəblənib.
Xamneyi sonda İslam Respublikası rejiminin mövcudiyyətinin təhlükədə olduğunu əsas gətirərək, nəyin bahasına olur- olsun, bütün vasitələrdən istifadə etməklə, etirazları yatırmaqla bağlı əmr verib.
Həmin 3 rəsmi Xamneyinin əhalisinin əksəriyyəti fəhlələrdən ibarət olan, rejimin qorunub saxlanması üçün dəstək kimi hesab etdiyi şəhərlərin əhalisinin qəzəbindən narahatlıq ifadə etdiyini vurğulayıb. “Dini lider” r0əsmilərə etirazları yatırmaq üçün “lazımi tədbirləri” görmədikləri təqdirdə, onları etirazların nəticələrinə görə məsul sayacağıyla bağlı xəbərdarlıq edib.
Xamneyinin ətrafından olan sözügedən 3 rəsmidən biri agentliyə deyib ki, “toplantıda iştirak edən bütün rəsmilər etirazçıların İslam Respublikasını devirməyə çalışdıqları qənaətində olublar”.
Reuters-ə açıqlama verən 4-cü rəsmi isə görşdə Xamneyinin etirazçılara güclü və lazımi cavab verilməsini zəruri hesab etdiyini deyib.
“Bizim imamımız yalnız Allah qarşısında cavabdehdir. O, xalqa və inqilaba böyük əhəmiyyət verir. Dini lider qərarlı idi və etirazların dağıdılmasını vurğulayırdı”, – deyə adı çəkilməyən rəsmi agentliyə verdiyi açıqlamada əlavə edib.
Xamneyinin yaxın ətrafından olan 3 rəsmi təhlükəsizlik qüvvələrinin şəhərlərdə etirazçılara qarşı repressiyanı başlatmasından sonra təhlükəsizlik müşavirlərinin “dini lider”ə etirazların miqyası barədə hesabatlar verdiklərini deyiblər. Daxili İşlər naziri ölən və tutulanların sayı ilə bağlı Xamneyiyə məlumat verərkən, ETTELAAT naziri və “Sepah” terror təşkilatının komandanı “etirazlarda müxalif qrupların rolu” barədə onu məlumatlandırırmış.
Reuters Ruhani hökumətinin sözçüsündən Daxili İşlər və ETTELAAT nazirlərinin toplantıdakı rolu barədə əlaqə yaradaraq sual soruşmasına baxmayaraq, ondan cavab ala bilməyib.
Etirazlar zamanı Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli Təhlükəsizlik Şurasının rəhbəri kimi, benzinin qiymətinin artırılması layihəsinin icraçısı kimi qələmə verilmişdi. Bəzi millət vəkilləri nazirin layihənin icra forması və etirazçılara qarşı amansızlığa görə Parlamentdə sorğu-sual edilməsini tələb edirlər.
Məsələ ilə əlaqəli Milli Məclisin deputatı Mahmud Sadiqi bildirmişdi ki, Daxili iİşlər Naziri Rəhmani Fəzli Parlamentin komissiyalarından birinin iclasına çağırılaraq, bəzi deputatların etirazçılara atəş açılmasının səbəbi ilə bağlı ona ünvanladıqları suallara cavab verib:
“Keçirilən iclasda təmsil etdiyi şəhərdə iki nəfərin başlarından aldıqları güllədən beyinlərinin dağılmasını bildirən deputatlardan biri nazirdən niyə etirazçıların məhz başlarına atəş açılması ilə bağlı sual soruşdu. Onlar Fəzlidən soruşduqları etirazçıların heç olmasa bellərindən aşağı hissələrinə atəş açmaq olmazdımı sualına aldıqları cavabdan şoka düşdülər. Daxili işlər naziri cavabda dedi ki, etirazçıların təkcə başlarına yox, bəzi hallarda ayaqlarına da atəş açılıb”, – deyə Sadiqi qeyd etmişdi.
“Artıq rəhm etməyəcəyik”
Reuters-in məlumatında bildirilir ki, 30 ildən artıqdır İrana hakim olan Əli Xamneyi etirazların yatırılması üçün əsas etibarilə özünə ən yaxın qüvvələr hesab etdiyi “Sepah” və Bəsic Təşkilatına yönəlmişdi.
“Sepah”ın Kirmanşah əyaləti şöbəsinin yüksək çinli əməkdaşlarından biri agentliyə verdiyi açıqlamada qeyd edib ki, noyabrın 18-i gecə yarısı əyalətin icra hakimi təyin etdiyi toplantıda rəsmilər arasında verilmiş əmr vərəqəsini payladı. O, həmçinin bildirib ki, icra hakimi Tehrandan yüksək vəzifəli dövlət rəsmilərinin əyalətdə etirazlara son qoymaqla bağlı bizə göstəriş verdiyini dedi. İcra hakimi həmçinin görüş iştirakçılarına xitabən “artıq rəhm etməyəcəyik, onların hədəfi İslam Respublikasını yıxmaq olduğundan, kökləri kəsəcəyik” kimi fikirlər səsləndirib.
Reuters məsələni araşdırmaq üçün Kirmanşahın İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, suallarına cavab ala bilməyib.
“Etirazçıları, hətta gülləbaran etməklə belə olsa, evlərinə geri qaytarın”
Reuters agentliyinin məlumatında həmçinin qeyd edilir ki, 4 əyalətdən olan rəsmilər onlara bildiriblər ki, “mesaj aydın idi, etirazları yatıra bilməmək xalqı gələcək etirazlara ruhlandıracaqdı”.
Paytaxt Tehranın yaxınlığında yerləşən, əhalisinin böyük əksəriyyətini fəhlə kateqoriyasından olan insanlar təşkil edən Kərəc rəsmilərindən biri rejimin bütün vasitələrlə xalqı geri oturtmağa əl atdığı ilə bağlı agentliyə maraqlı açıqlama verib.
“Bizə bütün zəruri zorakılıqlardan istifadə edərək, etirazlara son qoymaqla bağlı əmr verdilər. Tehrandan verilən göstərişdə insanların evlərinə qayıtması üçün nəsə edin, hətta lazım gələrsə, onlara atəş açın deyilirdi”, – deyə adı çəkilməyən həmin rəsmi fikrini tamamlayıb.
Reuters Kərəc məsulları ilə də əlaqə yaradıb, sual ünvanlayıb, lakin heç birinə cavab ala bilməyib.
Kərəc əhalisindən bir neçəsi isə agentliyə verdikləri ayrı-ayrı açıqlamalarda “sepahçı” və polislərin motosikletlər üzərində yerləşdirilmiş pulemyotlardan, digər qrupun isə damlardan insanları atəşə tutduğunu, beləliklə, şəhər küçələrinin qan gölünə çevrildiyini deyiblər.
Mahşəhr- Tank, gülləbaran və azı 100 ölü
Reuters-in məlumatında ərəblərin yaşadığı Xuzistan əyalətində “Sepah” terrorçularının tanklar və zirehli maşınlarla etirazları yatırmağa getdikləri qeyd edilir.
Mahşərh rəsmilərində biri agentliyə bildirib ki, atışma yerinə getdiyimiz zaman ərazinin cəsədlərlə dolu olduğunu gördük və ölənlərin əksəriyyətini cavanlar təşkil edirdi.
Qeyd etmək lazımdır ki, etirazlar zamanı ən çox ölüm halları ərəblərin vətəni olan Xuzistan əyalətində qeydə alınıb. Son günlər sosial şəbəkələrdə Mahşəhrin qamışlıq bölgələrində “Sepah” terroristləri və polislərin kiçik yük maşınlarının üzərində bərkidilmiş pulemyotlarla etirazçıları gülləbaran etdiklərini əks etdirən videolar yayılıb.
Digər tərəfdən, keçirilən etiraz aksiyaları zamanı ölkənin bir çox şəhərlərində, eləcə də Güney Azərbaycanda azərbaycanlılar arasında da çoxlu sayda ölüm halı qeydə alınıb. Hələ ki, qətlə yetirilən güney azərbaycanlıların 17-sinin adı məlumdur.