Çərşənbə , 24 Aprel 2024
Ana səhifə / İran / “Sepah”ın koronavirusdan ölmüş sabiq komandanlarından birinə təşkil etdiyi izdihamlı dəfn etirazlara səbəb olub- GÖRÜNTÜ

“Sepah”ın koronavirusdan ölmüş sabiq komandanlarından birinə təşkil etdiyi izdihamlı dəfn etirazlara səbəb olub- GÖRÜNTÜ

Koronavirusun İranı cənginə aldığı bir vaxtda, eləcə də səhiyyə rəsmilərinin insanları kütləvi toplaşmadan uzaq durmağa çağırmasına rəğmən, “Sepah” terror təşkilatı bu xəstəlikdən ölən sabiq komandanlarından biri Hüseyn Əsədullahiyə izdihamlı dəfn mərasimi təşkil edib.

“Sepah”ın “Məhəmməd Rəsulullah” adına 27-ci diviziyasının keçmiş komandanı və “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin yaxın həmkarlarından biri kimi tanınan Hüseyn Əsədullahinin koronavirusdan ölməsi barədə xəbərlər martın 22-də yayılmışdı. Lakin “Sepah” onun koronavirusdan deyil, İran- İraq müharibəsində məruz qaldığı kimyəvi zəhərlənmənin yaratdığı xəstəliklər səbəbindən öldüyünü iddia etmişdi.

Sosial şəbəkələrdə yayılan foto və videolarda “Sepah”ın Əsədullahiyə izdihamlı dəfn mərasimi təşkil etdiyi görünür. Bu görüntülər insanların sərt reaksiya verməsinə səbəb olub. Hətta məsələ o yerə çatıb ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur da “Sepah”ın bu addımını tənqid edib.

“Bu, bir növ görünür ki, dəfn mərasimləri qaydaları və kütləvi toplaşmaya tətbiq edilən məhdudiyyətlərdə yeni gigiyenik protokoldur. Görüntülər hər şeyi deyir. Ancaq ağlamaq lazımdır! Şərhə ehtiyac yoxdur”, – deyə Cahanpur “Twitter” səhifəsində yazıb.

Tənqidlər “Sepah”ı məsələyə münasibət bildirməyə vadar edib. Qurumun sözçüsü yaydığı bəyanatda insanların “istəyərək” dəfn mərasiminə toplaşdığını, “Sepah”ın Koronavirusla Mübarizə üzrə Milli Qərargahın bütün tövsiyyələrinə riayət etdiyini iddia edib.

Qeyd etmək lazımdır ki, “Sepah” öz komandanlarının dəfn mərasimlərini izdihamlı göstərmək üçün müəllimlər, həkimlər, dövlət qulluqçuları və digər müxtəlif peşə sahiblərini zorla həmin mərasimlərə cəlb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir