Cümə axşamı , 28 Mart 2024
Ana səhifə / Raporlar / Əhməd Obalı: Dilimiz bütün millətimiz üçün azad olmalıdır – Müsahibə

Əhməd Obalı: Dilimiz bütün millətimiz üçün azad olmalıdır – Müsahibə

Güney Azərbaycan Televiziyasının qurucu-rəhbəri Əhməd Obalı Güney Azərbaycanda ana dilində təhsil və Azərbaycan türkcəsinin tədrisinə dair dövlətin yeni pilot layihəsi ilə bağlı “Amerikanın səsi”nə müsahibə verib.

Müsahibədə bir çox önəmli məsələlərə toxunulub:

Yeni təhsil ilində Güney Azərbaycanın bəzi məktəblərində eksperimental olaraq Azərbaycan türkcəsi tədris ediləcək. Bu haqda Şərqi Azərbaycan vilayətinin təhsil idarəsi açıqlama verib. Dərslərin ilk olaraq Təbrizdə başlanılacağı və daha sonra eksperimental tədrisin digər yerlərdə də tətbiq olunacağı bildirilir. Prezident Həsən Ruhani hər iki seçki kampaniyası zamanı ana dilində təhsil məsələsi ilə bağlı vədlər verib, lakin bu vədlər indiyə qədər yerinə yetirilməyib. Günaz Azərbaycan televiziyasının təsisçisi Əhməd Obalı “Amerikanın Səsi”nin Amerika icmalı proqramında müsahibəsində Güney Azərbaycanda ana dilində təhsil və Azərbaycan türkcəsinin tədrisinə dair yeni pilot layihəsinə reaksiyalar haqda danışıb.

Əhməd Obalı ana dilində tədrisə dair pilot proqramın müsbət hal kimi qəbul edildiyini bildirsə də, Güney Azərbaycanda dil və mədəni hüquqlar uğrunda mübarizə aparan bir sıra fəalların həbsdə olduğunu xatırladıb.

“Təxminən 40 il bundan əvvəl İran İslam Cumhuriyyətinin ana yasası yazılanda xalqların tələbinə görə, həm də 15-ci maddədə ana dilində təhsil azad elan edilmişdi. 40 il üstündən keçsə də hələ 15-ci maddə icra olunmayıb. Əksinə, onun icrasını istəyənləri, o cümlədən Abbas Lisani kimi milli-mədəni fəallarımızı həbsə atırlar. Amma biz 15-ci maddənin icra olunmasının tələbkarıyıq, tərəfdarıyıq. Bu pilot proqramı xəbərdə xoşdur, amma əməldə nə olacağından heç kəsin xəbəri yoxdur“, o bildirib.

Əhməd Obalının sözlərinə görə, layihənin detalları haqda məlumatın olmaması ilə bağlı çox sayda suallar var.

“Elan olunan budur ki, iki məktəbdə həftədə iki gün hər gündə iki saat ana dilində bir məktəbdə 3-cü sinif, o biri məktəbdə 9-cu sinfə guya bu şərait yaranacaq. Amma bu şərait nədir heç o da bəlli deyil. Sual budur: 3-cü sinif həftədə iki saat ana dilmizdə dərs oxuyacaq və ya 3-cü sinfə həftədə iki saat ana dilimiz haqqında dərs verəcəklər? Yəni, bu da fərqlidir. Sonra kitab nədir, kim yazıbdı, kitabın mahiyyəti nədir, orada işlədilən ədəbiyyat nədir? Təbrizin radio və televisiyasında danışılan kimi 60 faizi fars və ərəb lüğətlərindən ibarət olan dil olacaq, yoxsa Azərbaycan türkcəsində olacaq? Heç kəs heç nə bilmir.”

Əhməd Obalı Azərbaycan türkcəsində tədris layihəsinin hazırkı zamanda başlanılmasının əsas səbəbini İran rejiminin qarşılaşdığı beynəlxalq təzyiqlərlə əlaqədar olaraq ölkənin daxilində vəziyyəti nəzarətdə saxlamağa çalışmaq cəhdi ilə əlaqələndirib.

“Və belə görünür ki, bu, bizi sakitləşdirmək üçün və dünyada indi ağır vəziyyətdə qaldığından ötrü heç olmasa içərini, məmləkətin içərisini bir az sakit saxlamağa çalışmaq kimi bir addıma bənzəyir. Ciddi bir addım olsaydı, hər şey bəlli olardı. Heç nə bəlli deyil.”

Əhməd Obalı pilot tədris layihəsinin prezident Həsən Ruhaninin ana dilində təhsillə bağlı verdiyi vədlərlə əlaqədar olduğuna inanmadığını bildirib. O, Güney Azərbaycanda məktəbəqədər uşaqların fars dilini mükəmməl bilməsi üçün “yetərlilik testi“ kimi tanınan testin tətbiq edilməsinə xüsusi diqqət çəkib.

“Məncə, dövlət daha çox millət tərəfindən olan basqını, təzyiqi hiss edir. Bir növ azərbaycanlıları sakitləşdirməyə çalışır. Azərbaycanlılar İranın içində 100-ə 40-a yaxın, təxminən 100-ə 40 faizi deyirəm, icma təşkil edirlər. Bu, böyük bir cəmiyyətdir. Əgər onun əksəriyyəti qalxıb haqqını istərsə, dövlət tələf ola bilər. Məncə, sakitləşdirməyə çalışırlar. Heç bir ciddi bir plan yoxdur burada. Əsl ciddi plan dilimizi öldürməyə doğru gedən bir plandır. Yəni uşaqların 1-ci sinifdən fars dilini təkmil bilmələrini tələb etmək. Bu, bizim dilimizi öldürmək deməkdir. Əsl plan ordadır.”

Əhməd Obalı yeni pilot tədris proqramının “əməldə tətbiq olunub-olunmayacağının” yaxın zamanda bilinəcəyini deyib. “Məncə, dövlətin əgər səmimiyyətlə dilimizin azadlığı haqqında addım atması varsa, ona millət xoş baxacaq. Hələlik o görünmür. Əgər aldatmaq istəsə və sakitləşdirmək siyasəti ilə və ya xarici dövlətlər qarşısında daxildən bir basqının azalmasını istəyirsə, bu da müvəqqətidir. Yenə də bəlli olacaq. İran dövlətinin bu addımı bir-iki aya tamamən həyan olacaq. Ona tələsmirik. Biz də arzu edirik ki, dilimiz azad olsun. Amma həftədə iki saatla, bir də iki məktəbdə, üç məktəbdə bu yetməz. Dilimiz bütün millətimiz üçün azad olunmalıdır.”

Müsahibənin Videosunu qaynağımız olan aşağıdakı LİNK-I tıklayaraq dinləyə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/%C9%99hm%C9%99d-obal%C4%B1-dilimiz-b%C3%BCt%C3%BCn-mill%C9%99timiz-%C3%BC%C3%A7%C3%BCn-azad-olmal%C4%B1d%C4%B1r/5063540.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir