Şənbə , 5 Oktyabr 2024
Ana səhifə / Raporlar / Əhməd Obalı Hudson İnstitutunun araşdırmaçısı ilə müsahibədə: “İranda etniklərin dəstəyi olmadan hakimiyyət dəyişikliyi mümkün deyil”

Əhməd Obalı Hudson İnstitutunun araşdırmaçısı ilə müsahibədə: “İranda etniklərin dəstəyi olmadan hakimiyyət dəyişikliyi mümkün deyil”

Güney Azərbaycan Televiziyasının təsisçisi Əhməd Obalı ABŞ-ın Hudson İnstitutu Siyasi-Hərbi Analitika Mərkəzinin baş elmi tədqiqatçısı Michael Doran ilə  eksklüziv müsahibədə İran İslam Respublikasının qarışıq siyasi-ictimai vəziyyətini və ölkədəki qeyri-fars millətlərin tələblərini şərh edib.

Müsahibənin əsas mövzusu İslam Respublikası, fars müxalifət və qeyri-fars millətlərdir. Michael Doran Yaxın Şərq məsələləri üzrə təhlilçi, ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü və Amerikanın eks-prezidenti Corc V. Buş zamanı Müdafiə Nazirliyinin Diplomatiya üzrə müavini olub.

M.Doran müsahibədən öncə Güney Azərbaycan Televiziyasının neçə illik fəaliyyətini şərh edərək Ə.Obalıya “zənnimcə televiziya vasitəsi ilə xalqla daim təmasda olduğunuz və xəbərləri müntəzəm izlədiyiniz üçün heç kəs sizdən daha yaxşı İrandakı vəziyyətin düzgün təhlilini verə bilməz” deyib.

Ə.Obalı İran etnikləri arasında Azərbaycan türklərinin əksəriyyət olub olmadığı sualına belə cavablandırıb:

“Azərbaycan türkləri İran əhalisinin əksəriyyətini təşkil edir. 2012-ci ildə İslam Respublikasının o dövrki xarici işlər naziri Türkiyəyə səfər zamanı İran əhalisinin 40 faizinin türklərdən ibarət olduğunu bildirmişdi. Mövcud rəsmi statistikalara görə, Azərbaycan türkləri əhalinin 37.5 faizini, farslar isə 35.5 faizini təşkil edir.  Fakt budur ki, İran və Yaxın Şərq ölkələri, təəssüf ki, əhalinin etnik tərkibi haqqında dəqiq statistik məlumat vermir. Onlar öz hakimiyyət təməllərini gücləndirmək üçün etniklərin sayını maksimum dərəcədə aşağı göstərməyə çalışır. Azərbaycan türklərinin sayı, heç şübhəsiz ki, elan olunan rəqəmlərdən daha çoxdur. Hətta bəzi Qərb ölkələri də öz hesabatlarında İslam Respublikasının minimum səviyyədə göstərdiyi rəqəmlərə istinad edirlər. Bu doğru deyil. İran hökuməti həmişə yalan danışır.”

Güney Azərbaycan türkü olaraq Şimali Azərbaycan və Türkiyə haqda fikirlərinin nə olduğu sualına cavab olaraq  Əhməd Obalı güney azərbaycanlılar üçün Şimalı Azərbaycanın “Qardaş”, Türkiyənin isə “əmioğlu” kimi olduğunu deyib.

“Şimalı Azərbaycan bizim (Güney Azərbaycanın) o biri yarımızdır, azərbaycanlılar Şimali və Cənubi Koreya və ya keçmişdə Şərqi və Qərbi Almaniya kimi iki hissəyə ayrılmış millətdir. Türkiyə bizə çox yaxındır. Azərbaycan və Türkiyə eynən əmioğlular kimidir. Eyni kökdən gəlirlər və mövcud fərqliliklər keçən min il ərzində iki fərqli dövlət tərkibində -Osmanlı və İran – olduqları üçün ortaya çıxıb”.

ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü Əhməd Obalıya İranda əksəriyyəti təşkil edən azərbaycanlılar üçün muxtariyyət haqqının tanınmaması barədə sual verərək “Tehranın sizi azərbaycanlıların nümayəndəsi olaraq separatçılıqda ittiham etdiyi doğrudurmu” deyə soruşub.

GünAz TVnin təsisçisi bu haqda belə deyib: “Nümayəndə sözü doğru deyil, mən 100 il boyunca insani, iqtisadi, ictimai və tarixi hüquqları tapdanan və bu hüquqları bərpa etmək istəyən böyük bir azərbaycanlı kütləsinin üzvüyəm. Bunun müqabilində İran hökuməti  İranın parçalanması və bölünməsinə məsul olan yeganə qrupdur və bu prosesə kömək edir. Son min ildə İranın bütün olaraq qalması azərbaycanlıların fədakarlığı və türklərin bu torpaqlar üzərindəki hakimiyyətinin nəticəsidir. Biz bu torpaqları qorumaq üçün Rusiya ilə və hətta əmioğlularımız olan Osmanlı türkləri ilə savaşdıq”.

Michael Doranın “siz azərbaycanlı olaraq öz milli hüquqlarınızın indiki İran sərhədləri çərçivəsində yoxsa müstəqil bir dövlət olaraq başqa sərhədlərdə reallaşdırılmasını istəyirsiz” sualına cavab olaraq Əhməd Obalı İrandakı qeyri-bərabər şəraitə diqqət çəkərək dedi:

“İrandakı bütün etnik qruplar, o cümlədən farslar, ərəblər, bəluçlar, Kürdlər, azərbaycanlılar, türkmənlər, lorlar və s. fərqli dillərə, mədəniyyətlərə və hətta dinlərə sahibdir, hamımız İranda fərqliyik. Mənim fikrimcə, ən yaxşı yol bütün etnik qrupların 100% bərabərliyinin təmin olunması və bərabər hüquqa sahib olmasıdır. Misal üçün bu gün farsca rəsmi dildirsə digər etniklərin dilinin də rəsmi statusu olmalıdır. Digər etniklərin dili və mədəniyyəti qeyri-rəsmi olmamalıdır. İsveçrə, Belçika, Kanada kimi bir çox ölkəni misal göstərmək olar. Kanadanın bir hissəsi İngilis dilli, digər hissəsi fransızdır, onlar bərabər hüquqa sahibdirlər, bir-birlərinə hörmət edirlər və bu məsələ Kanada cəmiyyəti üçün istər dil baxımından, istər ictimai baxımdan heç bir problem yaratmır. İranda problem son 100 ildə fars siyasətçiləri və ziyalıları tərəfindən farscaya yeganə rəsmi dil statusunun verilməsi və digər dillərin məktəblərdə belə qadağan edilməsidir. Yeddi yaşımda məktəbə başlayanda həmin məktəbin dili tamamilə farsca idi. Fars dilində bir söz belə bilmirdim, və birinci sinifdə sözün həqiqi mənasında şok keçirdim, nə edəcəyimi bilmirdim”.

Amerikalı tədqiqatçının “sizcə cənubi azərbaycanlıların neçə faizi öz insani hüquqlarını əldə etmək məsələsində sizlə həmfikirdir” sualına cavab olaraq Əhməd Obalı son 42 ildə azərbaycanlılar arasında milli özünüdərk etmənin böyük ölçüdə artdığını vurğuladı.

O əlavə etdi ki, “Güney Azərbaycanın hüquq müdafiəçiləri arasında, 100 faiz olmasa da, 90 faizə yaxını milli kimlikləri ilə bağlı hüquqlarının əldə edilməsini tələb edirlər. İki gün əvvəl, İran Teleradio Qurumunun Birinci TV kanalında verilişin aparıcısı İrandakı fars dilində danışanların “azlıq” olduğunu vurğuladı. Özü də Azərbaycan türkü olan aparıcı bir yarışma verilişinin azərbaycanlı iştirakçısından evdəki izləyicilərə olan arzusunu türk dilində dilə gətirməsini və həmin sözün “milli azlıqdan ibarət olan fars dillilər” üçün tərcümə etməsini istəyib. Bu məsələ ciddi bir hadisəyə çevrildi və aparıcını üzr istəməyə məcbur etdilər. Hətta mədəniyyət naziri sözügedən türk aparıcıya qarşı məhkəmə işinin açılmasını istədi”.

Michael Doranın GünAz TV-nin dili haqda sualı cavablandıraraq Əhməd Obalı “ biz müxtəlif dillərdə verilişlər yayımlanan yeganə televiziyayıq” dedi  və artırdı:

“Əsas dilimiz Azərbaycan türkcəsidir və verilişlərdə əsas diqqətimiz Azərbaycana yönəlib. Əsas izləyicilərimizin Azərbaycandan olmasına baxmayaraq, şənbə günləri “Dialoq” adlı farsca verilişimiz var. Bu verilişdə müxtəlif etnik qrupların mənsubları bir-biri ilə müxtəlif mövzularda müzakirələr aparır. Azərbaycan türkcəsi ilə bərabər, GünAz TV-nin farsca, türkmən türkcəsi və ərəb dillərində də verilişləri var”.

Cənab Doran daha sonra İranda baş verən son siyasi-ictimai qarmaqarışıqlığa, o cümlədən də, 2019-cu ilin noyabr ayında İranın müxtəlif şəhərlərində baş verən kütləvi aksiyalara, eləcə də Ukrayna təyyarəsinin süqutuna toxunaraq, Əhməd Obalının bu məsələyə münasibətini soruşdu.

Əhməd Obalı cavabda dedi: Qeyd etdiyiniz kimi vəziyyət göründüyündən daha pis və ağırdır. Hakimiyyət bir daha göstərdi ki, o, ölkəni idarəetmə gücünü artıq itirib və vəziyyətə nəzarət edə bilmir. Hökumət həm də xalqa dəstək gücünü itirib. Belə ki, İranda koronavirusun yayıldığı bir vaxtda, biz vətəndaşların ölüm tragediyasının şahidi oluruq. İqtisadi baxımdan da ölkə ağır böhran içindədir və sanksiyalara görə də artıq kifayət qədər neft sata bilmir. Mən özüm də sanksiyalar tərəfdarıyam. Hazırda hətta az miqdarda olsa da, neftin qanunsuz olaraq Çinə və digər ölkələrə satışı da müştəri olmadığına görə azalıb.

Hudson Müəssisəsinin aparıcı araşdırması bildirib ki, bəziləri ABŞ sanksiyalarının İranda koronavirusun yayılmasının qarşısını alacaq tədbirlərə əngəl törətdiyini və sanksiyaların hökumətdən daha çox xalqın ziyanına olduğunu deyirlər. Həmin qrup iddia edir ki, embarqolar hökumətdən daha çox xalqı cəzalandırır və rejim isə sanksiyalar səbəbindən koronavirusla mübarizə aparmaq üçün gücünün olmadığını iddia etmək, onların müvəqqəti olaraq ləğv edilməsini istəyir. Həqiqətən sanksiyalarvətəndaşları hədəfə alıb? GünAz TV-nin təsisçisi cavabında bildirib:

“Mənim ailəm və minlərlə yaxınım İranda yaşayır. İran xalqın sanksiyaların davam etməsini istəyir. Bizimlə əlaqə quran GünAz TV tamaşaçılarından bu günə qədər, hətta 1 nəfəri belə sanksiyaların müvəqqəti və ya daimi ləğvini istəməyib. Onlar xalqa ziyanın sanksiyalar vasitəsilə deyil, dövlət tərəfindən gəldiyini bildikləri üçün, həqiqətən də, embarqoların öz mövcudluğunu qoruyub saxlamasını istəyirlər.

Barak Obama administrasiyası zamanı sanksiyalar ləğv edildi, İranın xaricdə dondurulmuş aktivlərindən milyardlarda dollar hökumətə qaytarıldı.O qədər pulun İran daxil olmasında sonra xalqın həyatında bir dəyişiklik oldumu? Ölkə iqtisadiyyatı nəinki yaxşılaşmadı, daha da bərbad oldu. O pullar kasıblıq səviyyəsini, xalqın yaşayış və rifahını yaxşılaşdırmadı. Bəs pullar hara xərcləndi?!

O pullardan bir hissə Xamneyi və onun nəzarətində olan qurumlar tərəfindən ələ keçirildi, digər hissəsi isə Suriya müharibəsi, Hizbullah, Həmas, Taliban, Əl-qaidə və hətta Cənubi Amerikaya (Venesuela) kömək üçün sərf edildi. İran vətəndaşları keçirdikləri etiraz aksiyalarında bu vəziyyətə etiraz edir, prezident Trampdan sanksiyaları ləğv etməməsini istəyirlər. İran xalqının böyük əksəriyyəti İran və digər ölkələrin İrana hücum etməsindən sevinərlər. Çünki bununla rejimin şərindən xilas olacaqlarına inanırlar. İran xalqı təkcə koronavirusa yoluxmaqdan deyil, aclıqdan da ölür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir