Cümə axşamı , 28 Mart 2024
Ana səhifə / Raporlar / Musa Bərzin: Farscanı yaxşı bilməyənlər məhkəmədə haqlı ikən haqsız duruma düşə bilir – Müsahibə

Musa Bərzin: Farscanı yaxşı bilməyənlər məhkəmədə haqlı ikən haqsız duruma düşə bilir – Müsahibə

Musa Bərzinin sözlərinə görə, fars dilini və ya özlərini bu dildə yaxşı ifadə edə bilməyən milyonlarla qeyri-fars əhali İran məhkəmə sistemində “haqlı ikən haqsız duruma düşə bilir və ədalətsizliyə məruz qala bilirlər.”

“Amerikanın Səsi”nə danışan hüquqşünas müttəhimlərin tərcüməçi ilə təmin olunma haqqının İran qanunlarında konkret şəkildə zəmanətə alınmadığını vurğulayır. O deyir ki, məhkəmələrdə qeyri-fars icmalara mənsub vətəndaşların müdafiə haqqı tam yerinə yetirilmir.

“İranda milyonlarla insan farsca bilmir, bilsə də özünü fars dilində ifadə etməkdə çətinlik çəkir. Bir şəxs özünü hər hansı bir dildə ifadə etməkdə çətinlik çəkirsə və öz ana dili və ya başqa dildə daha rahatdırsa, o ölkə onun özünü rahat ifadə etməsi üçün lazımi imkanları təmin etməlidir,” Bərzin söyləyir.

O, İran məhkəmələrində insanların dil problemi üzündən ədalətsizliyə məruz qala bildiklərini önə çəkir:

“İnsanlar məhkəmədə özlərini qanunun müəyyən etdiyi dildə ifadə edə bilməsələr, bu o mənaya gəlir ki, ədalət onlar üçün təmin ola bilməyəcək. O insanların ədalətsizliyə məruz qalma ehtimalı daha çoxdur. Bu məsələ xüsusilə də cəza məhkəmələrində çox önəmlidir. Müttəhim ya şikayətçi fərq etməz, məhkəmədə özünü ifadə edə bilməsə və sözlərini məhkəmə məsullarına ya hakimlərə çatdıra bilməsə, qarşı tərəf onu məğlub edə bilər. Bu şəxs haqlı ikən haqsız duruma düşə bilər.”

Hüquqşünasın fikrincə, İran məhkəmə sistemində bu məsələnin önəmi və ağırlığına uyğun olaraq tədbirlər görülməyib.

O hesab edir ki, bu problemin tam həlli üçün, xüsusilə milyonlarla insanın danışdığı dillərə ən azından öz bəlgələrində rəsmi status verilməlidir.

“Bu problemin kökdən həll olunması üçün farscanın yanında digər dillərin də rəsmi olması gərəkir. Ən azından 30 milyon insanın danışdığı türkcə də farscanın yanında rəsmi olması lazimdir. Bu dillərin ən az öz bölgələrində rəsmi olması zərurətdir. Amma, indi ki bu dillər rəsmi deyil, nə etmək lazimdir? Başqa ölkələrdə tərcüməçi ilə təmin olunma haqqı tanınır. Yəni bir şəxsin rəsmi idarə dilində danışmaq və özünü ifadə etmək gücü yoxdursa, dövlət ya hər hansı bir qurum ona tərcüməçi təmin etmə haqqı tanıyır.”

Bərzin bu haqqın İran qanunlarında zəmanətə alınmadığını bildirir.

“İran qanunlarında görürük ki, bir şəxs farsca danışıb və yaza bilmirsə, ona sadəcə prokurorluq mərhələsində bir tərcüməçi tutacaqlar. Bundan başqa bir şey yoxdur. Yəni qanun demir ki, bunun polis mərkəzində də bu haqqı var, ya başqa mərhələlərdə. Sadəcə o mərhələdə tərcüməçi haqqı var ki, prokurorluqdadır,” o, qeyd edir.

Hüquqşünas bu durumun beynəlxalq normalara uyğun olmadığını vurğulayır: “Bu, yetərli deyil. Çünki, beynəlxalq sənədlərə baxanda, qeyd olunur ki, dövlət idarə dilini bilməyən şəxsləri tərcüməçi xidməti ilə təmin etməklə mükəlləfdir.”

İram məhkəmələri rəsmi tərcüməçilərdən istifadə edilir, amma Musa Bərzinin dediklərinə əsasən, bu xidmət əməldə İran vətəndaşlarına şamil olmur:

“Məhkəmələrdə rəsmi tərcüməçilərdən istifadə etmək ənənəsi yoxdur. Yəni, elə ənənə yoxdur ki, İranda yaşayan qeyri-fars etnik qruplar üçün rəsmi tərcüməçi istifadə olunsun. Onlar ümumiyyətlə xarici vətəndaşlar üçündür. Yerli sakinlər üçün tərcüməçi işini ağsaqqal üsulu ilə həll edirlər. Misal, oralarda farscanı yaxşı bilən, türkcəni də bilən bir şəxsi tapıb gətirirlər. Amma bu yetərli deyil. Bu şəkildə o şəxsin haqlarını qorumaq olmaz.”

O əlavə edir, “rəsmi tərcüməçilər o dilləri yaxşı bilirlər. And içiblər və məsuliyyət daşıyırlar. Amma hər hansı birini küçədən tapıb gətirəndə, onun heç bir məsuliyyəti yoxdur. Bu durumda tərcümə yanlış olsa, bunu daha sonra isbatlamaq da çətindir.”

Qeyri-fars icmalara mənsub müttəhimlərin nəzarət altına alındıqdan sonra məhkəməyə qədərki proseslərdə dil problemi yaşaya biləcəklərinə diqqət çəkən vəkil məhkəmələrdə “qeyri-fars millətlərin müdafiə haqqının tam yerinə yetirilmədiyini” vurğulayır.

“Bir müttəhimi ki, tuturlar, ilk başda polis mərkəzi ya istintaq idarəsinə (Agahi) gətirilib, orada ifadəsi alınır. Bu çox zamanlarda yazılı şəkildə olur. Yəni vərəqəni qarşısına qoyurlar ki, ‘sən bu işi gördün ya görmədin?’ O şəxs o dili yaxşı bilmirsə, o suallara doğru cavab verə bilməyəcək. Yəni deyə bilərik ki, qeyri-fars millətlərin müdafiə haqqı tam yerinə gətirilmir,” deyə hüquqşünas bildirir.

Beynəlxalq insan haqları qurumlarına görə, xüsusilə ölüm cəzası ilə mühakimə edilən müttəhimlərin düzgün tərcümə xidmətilə təmin olunmaması düzəldilməz faciələrə yol aça bilər.

Amnesty International təşkilatının bəyanatlarına istinadən, fars dilini anlamayan müttəhimlərin bəzisi onlara qarşı irəli sürülən ittihamları başa düşmür. Qurum o cümlədən, ötən illərdə daşqalaq cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyani və Şamama Qurbaninin farsca bilmədiklərini və sorğu-sual prosesində imzalamaq məcburiyyətində qaldıqları farsca sənədlərin nədən ibarət olduğunu anlamadıqlarını qeyd edib.

“İranda 200-dən artıq suçun cəzası edamdır. Təbiidir ki, edam cəzası ilə mühakimə olunan insanlar bu məsələdə daha böyük çətinliyə düşə bilərlər. Misal üçün narkotik maddə ilə əlaqədar tutulan bir şəxs, böyük ehtimal ki, yüksək təhsili də yoxdur. Təbiidir ki, farscanı da yaxşı bilməsin. Təsəvvür edin ki, bunun mühakimə prosesi 3 il, 4 il sürə bilər. Bütün bu proseslərdə o özünü farsca ifadə etməyə məcbur olsa tamamilə ədalətsiz bir durum yaranar. Ayrıca bunların vəkillə görüşmə haqqı olmur. İranda vəkil sadəcə məhkəmə mərhələsində olur. Hələ bunların dövlət qurumlarına məktub yazmağa ehtiyacı olur ki, yaza bilmirlər. Təəsüflə İran həbsxanalarında belə bir xidmət verilmir” – deyə, Musa Bərzin əlavə edir.

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/musa-barzin/5118021.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir