Cümə axşamı , 18 Aprel 2024
Ana səhifə / Türk dünyası / İstanbulda İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçirilib – GÖRÜNTÜ

İstanbulda İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçirilib – GÖRÜNTÜ

Türkiyədə “Nəsimi ili” çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir.

“Report”un yaydığı xəbərə görə, paytaxt Ankarda rəsmi açılışı elan edilən “Nəsimi ili”nə həsr olunmuş tədbir İstanbulda davam edib.

Azərbaycanın Mədəniyyət Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbir İstanbulda Türk Ədəbiyyat Vəqfində baş tutub.

Tədbirdə hər iki ölkədən dövlət və hökümət nümayəndələri iştirak ediblər.

Vəqfin rəhbəri Serhat Kabaklı çıxışında bildirib ki, zəngin Nəsimi irsinin bütün türk dünyasında layiqincə qiymətləndirilməsi onun yaradıcılığına verilən tarixi dəyərdir. Böyük mütəfəkkirin 650 il öncə yaşayıb-yaratmasına baxmayaraq, qələmə aldığı əsərlər ilə bu günün də nəbzini tutduğunu deyən Sərhat Kabaklı, İmadəddin Nəsimi irsinin araşdırılması və təbliği işində hər iki qardaş ölkənin əl-ələ verdiyini bildirib. O, Nəsimi irsini sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına tanıtmağın zəruriliyinə diqqət çəkib.

TÜRKSOY tərəfindən İmadəddin Nəsimidən miras qalan zəngin irsin bir il boyunca Türkiyə başda olmaqla, türk dünyasında tanıdılacağını deyən TÜRKSOY-un baş katibinin müavini, professor Fırat Purtaş bu işdə Azərbaycana dəstək verməkdən qürur duyduğunu dilə gətirib.

O, Nəsimi yaradıcılığı araşdırılan zaman, sanki yeni bir dünya kəşf etdiyini və bu zənginliyi bütün türk gəncliyinin görməsinin zəruri olduğunu bildirib.

Tədbirin reallaşmasında əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev, dəyərlərimizi yaşatmaq baxımından belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ə.Qarayev İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Nəsiminin 600 illik yubileyi dövlət səviyyəsində məhz 70-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib və tarixdə ilk dəfə UNESCO tərəfindən bir Azərbaycan şairinin yubileyinin layiqincə keçirilməsinə nail olunub. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir söyləyib ki, Azərbaycanda görkəmli şəxsiyyətlərin adının uca tutulması istiqamətində mühüm addımlar atılır.

Şairin yaradıcılığının dünənimiz və bu günümüz üçün birləşdirici dəyər olduğunu deyən Ə.Qarayev, Bakının mərkəzi rayonlarından birinin onun adını daşıdığını, paytaxtımızda böyük şairin möhtəşəm abidəsinin ucaldığını, adının Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna verildiyini xüsusi vurğulayıb.

Tədbir Nəsimi yaradıcılığına həsr olunmuş panellərdə müzakirələrlə davam etdirilib. Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığı haqqında məlumat verib və bu mövzuda gənc araşdırmaçıların suallarını cavablandırıb.

Nəsiminin yaradıcılığından danışan Milli Kitabxananın direktoru Kərim Tahirov da, şairin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, ana dilində gözəl şeirlər yazdığını və buna görə də onun şeirlərinin həmişə dillər əzbəri olduğunu diqqətə çatdırıb.

Türkiyəli professorlar Esat Harmancı və Nüsret Gedik də, İmadəddin Nəsiminin həyat və yaradıcılığından danışıb, Türkiyədə araşdırmaçıların onun haqqında qələmə aldıqları tarixi faktları paylaşıblar.

Tədbir tanınmış xanəndə, Əməkdar artist Feyruz Səxavət, tarzən, Əməkdar artist Əliağa Sədiyev və kamança ifaçısı Xəyyam Məmmədovun təqdim etdiyi konsert proqramı ilə davam edib.

Sonda tədbir iştirakçıları dahi şairin həyat və yaradıcılığı haqqında yazılmış kitablardan ibarət sərgini gəziblər.

Qeyd edək ki, prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir