Cümə , 10 May 2024
Ana səhifə / Azərbaycan / Əli Əzizi Urmiyə zindanının gənclər korpusuna köçürülüb

Əli Əzizi Urmiyə zindanının gənclər korpusuna köçürülüb

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi yaxınları ilə qısa telefon əlaqəsi saxlayaraq Urmiyə mərkəzi zindanının gənclər korpusuna intiqal edildiyini bildirib.

Əli Əzizi iyunun 2-də Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Məhkəmə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamı ilə fəalın barəsində bundan əvvəl çıxarılan mülki vəsiqənin məbləğini 150 milyon tümənə qədər artırdıqdan sonra o saxlanılıb. Fəalın vəziyyəti haqda bir neçə gün heç bir xəbər olmayıb.

Əli Əzizi iyunun 8-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Urmiyənin mərkəzi zindanına köçürüldüyünü bildirmişdir. Budəfəki telefon əlaqəsində onun gənclər korpusunda saxlandığı məlum olub.

Həmin dosyeyə görə məhkəməyə çağırılan digər güney azərbaycanlı fəal Əta Kərimi ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəmə iclasına qatılmaqdan imtina edib.

Əli Əzizi və Əta Kərimi iyunun 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılmışdır.

Əta Kərimi və Əli Əzizi 4 il əvvəl (hicri-şəmsi təqvimi ilə 1394-ci ilin xordad ayında) Urmiyədə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, onlar mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəallara saxlandıqları zaman “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşdikləri elan olunub.

Qeyd edək ki, 2016-cı ildə Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsi dosyenin qapanması və fəalların təqib olunmasına son verən qərar qəbul edib, lakin hökm prokuror müavininin etirazı ilə qarşılanıb, o yenidən məhkəmə işinin açılmasını istəyib.

Fəallar bu müddətdə dəfələrlə məhkəməyə müraciət edərək dosyelərinin uzun müddətdir qapanmamasına öz etirazlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir