Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / Ərdəbildə İranla Azərbaycan arasında birgə sənaye şəhərciyi yaradılacaq

Ərdəbildə İranla Azərbaycan arasında birgə sənaye şəhərciyi yaradılacaq

Güney Azərbaycanın Ərdəbil Əyalətində İranla Azərbaycan Respublikası arasında birgə sənaye şəhərciyi yaradılacaq.

Bu barədə Ərdəbil valisi Əkbər Behnamcu noyabrın 21-də yerli məsulların iştirakı ilə keçirilən tədbirdə çıxış edib.

İki ölkə arasında yaradılacaq sənaye şəhərciyi barədə geniş məlumat verən vali bildirib ki, sənaye şəhərciyi sərhədyanı bölgədə fəaliyyətə başladıqdan sonra bölgədə  nəzərdə tutulan siyasi və iqtisadi inkişafa nail olmaq mümkün olacaq.

“Şübhəsiz ki, bu işdə Xarici İşlər Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Nazirliyin Ərdəbildəki nümayəndəliyi də sözügedən şəhərcik və azad ticarət zonasının yaradılması və fəaliyyəti üçün müəyyən addımlar atmalıdır.”- deyə o bildirib.

Vali bu günədək Ərdəbil Valiliyi ilə Xarici İşlər Nazirliyinin nümayəndəliyi arasında koordinasiyalı şəkildə əməkdaşlıq olduğunu vurğulayaraq gələcəkdə iki orqan arasında əməkdaşlığın daha da genişləndirilməsinə ümid etdiyini bildirib.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də oktyabr ayında “İrna” agentliyinə verdiyi müsahibədə İranla Azərbaycan arasında birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunduğunu bildirmişdir.

Səfir qeyd etmişdir ki, hər iki ölkədə kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Bu potensialdan istifadə ediləcək və yeni sənaye şəhərciyində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir