Azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari, Sulduz 2 nömrəli Cəza Məhkəməsinin 103-cü şöbəsinə çağırılıb.
Elektron məktubu vasitəsi ilə məhkəməyə çağırılan fəallar aprelin 7-də təyin olunmuş şöbəyə müraciət etməlidir. Məlumata görə, 103-cü şöbədə onların “qanunsuz yığıncağa qatılmaq və başqalarını yığıncağa dəvət etməklə sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılacaq.
“Ulduz Qasiminin təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaratması və fəalların 2006-cı il may hadisələrinin (Milli Qiyam nəzərdə tutulur) 12-ci ildönümündə Sulduzun “Qolzar şohəda” qəbiristanlığında keçirilən yığıncağa çağırış etmələri, irəli sürülən ittihama əsas verir”- deyə çağırış məktubunda qeyd olunub.
Adlarını çəkdiyimiz fəallar 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda saxlanılıb. Onlar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə bağlı yaxalanmışdır. Fəalların əksəriyyəti yaxalandığı gün buraxılsa da Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Yanvarın 16-da Sulduz Cəza Məhkəməsinin 103-cü şöbəsində hakim Əfşin Bonyadpurun sədrliyi ilə adlarını çəkdiyimiz azərbaycanlı fəalların məhkəmə iclası keçirilib. Mədəni fəaliyyətinə görə hazırda Təbriz zindanında 7 aylıq həbs cəzasını çəkməkdə olan Əmir Səttariyə məhkəmə iclasına qatılmaq icazəsi verilməmişdir.
Ulduz Qasimi 2018-ci il noyabrın 10-da Sulduz
İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib. Məhkəmə
hökmü 2019-cu il martın 31-də Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən həbs cəzasını əvəz edən 50 milyon
rial cərimə ilə dəyişdirilib.