Tehranın Evin zindanının təknəfərlik kamerasında aclıq aksiyası keçirməkdə olan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin sağlamlıq durumu nigaranlıq doğurur.
Aclığa başladığından iki həftə keçən fəalın durumu barədə heç bir məlumat verilmir, bu vəziyyət onun ailəsi və yaxınlarının nigaranlığına səbəb olub.
Azərbaycanlı fəalın ailə üzvləri ilə görüşməsi və ya telefon əlaqəsi saxlamasına da qadağa qoyulub.
Siyamək Mirzayi aclıq aksiyasına başladığı gündən ona həbsxanada təzyiqlər artıb. O sonuncu dəfə iyulun 5-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb.
Güney azərbaycanlı fəal 3 illik
həbs müddətini Tehranın Evin zindanında başa vurmasına baxmayaraq azadlığa
buraxılmır, o Ettelaat Nazirliyinin nəzarətində olan zindanının 209-cu
korpusuna intiqal edilib.
Fəal təhlükəsizlik orqanları və məhkəmə məsullarının qanunsuz qərarına
etiraz olaraq iyulun 1-dən aclıq aksiyası keçirir.
Siyamək Mirzayi 2016-cı il iyunun 24-də Ərdəbilə yaxın Parsabad şəhərində
saxlanılıb. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin
zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən
ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qrup yaratmaq
kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum
edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3
il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.
Siyamək Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün
qalmış “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib.
Bundan sonra onun azadlığa buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı
təyin olunub. Lakin məhkəmə məsulları təyin olunan vəsiqəni qəbul etməkdən
imtina edir və bu şəkildə fəalın azadlığa buraxılmasına maneçilik yaradırlar.
Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat
aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanada Abbas Lisani və digər fəallarla
telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.
Fəal irəli sürülən ittihamı saxta və əsassız adlandırıb və
bildirib ki, bu, təhlükəsizlik qüvvələri tərəfindən ona təzyiq göstərilməsi və
azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.
Xatırladaq ki, güney Azərbaycanlı fəallar ötən günlərdə Azərbaycan
şəhərləri və Tehranın müxtəlif məhəllələrində divarlara posterlər yapışdıraraq
tanınmış fəal Siyamək Mirzayinin azadlığa buraxılmasını tələb ediblər, onun saxlanmasına qarşı etirazlar davam edir.