Tehranın Evin zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxşın (Koroğlu) mühakimə olunduğu bildirilir.
Məhkəmə iclası fevralın 24-də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində keçirilib.
Məlumata görə, məhkəmə prosesində fəalın “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə sözləşmə və toplaşma” ittihamları ilə üzləşdiyi məlum olub.
Fəalın saxlanmasından 3 ay keçməsinə baxmayaraq onun barəsində vəsiqə qərarı çıxarılmayıb.
“Tehran Traxturçuları”nın lideri kimi tanınan Kazım Koroğlu 2018-ci il noyabrın 21-də Təbrizin “Traxtur” futbol komandası ilə “Perspolis”in Tehranda keçirilən görüşü ərəfəsində axşam saatlarında saxlanılıb, o hazırda Evin zindanının 4-cü korpusunda saxlanılır.
Bundan əvvəl azərbaycanlı fəallar Kazım Koroğlunun azadlığa buraxılması tələbi ilə Tehranda bildirişlər yayıb və “Traxtur” görüşlərində plakatlar nümayiş etdiriblər.
Kazım
Koroğlu Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindəndir, lakin son vaxtlar
Tehranda işləyir. O “Traxtur” komandasının Tehranda keçirdiyi görüşlərdə
komanda tərəfdarları arasında xüsusi rol oynayır. Fəal bundan əvvəl də mədəni fəaliyyətlərinə
görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz
qalıb.