Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 4-nün kimliyi müəyyən edilib.
Məlumata görə, Qərbi Azərbaycan
Əyaləti Xoy şəhərinin Yuxarı Veşlə kəndinin sakini olan Məhəmməd Tağı Əlilu
Tehranda keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinin açdığı
atəş nəticəsində həlak olub. O qətlə yetirildikdən sonra, qardaşı ilə
təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb, sonda mərhumun qardaşı
saxlanılıb və naməlum istiqamətə aparılıb.
Ettelaat əməkdaşları Əlilu
ailəsinə baş verən cinayət hadisəsi ilə bağlı xəbər yaymaq barədə xəbərdarlıq
edib, onlara hətta yas mərasimi ilə əlaqədar bildiriş yaymaq icazəsi də
verilməyib.
Deyinlərə görə, Məhəmməd tağı Əlilunun yas mərasimi güc strukturlarının nəzarəti altında keçirilib, mərasimin kameraya çəkilməsinə belə icazə verilməyib.
Şəhriyar şəhərinin Nəsirabad məhəlləsində keçirilən aksiyada isə əslən Kəleybərin Paltlı kəndindən olan bir yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Məlumata görə, Mehran Zahidinin 17 yaşı olub, o Əmir Rza Abdullahi ilə eyni vaxtda qətlə yetirilib.
Aksiyalarda öldürülən soydaşlarımızdan digəri isə əslən Şəbistər şəhərindən olub. Tehran sakini olan Ramin Ləmse İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib.
Tehranda etirazlar zamanı öldürülən soydaşlarımızdan digərinin adı Hüseyn Sultanidir. 27 yaşlı gənc Şəhr-i Qüdsda (Həsənxan qalası) keçirilən aksiyada təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Hüseyn Sultani Ərak sakini olub.
Deyilənlərə görə, Tehran şəhərində, xüsusi ilə də İslamşəhrdə aksiyalar zamanı öldürülən etirazçılar arasında daha bir neçə Azərbaycan türkü olub. Bu barədə informasiyası olanlardan GünAz TV-yə məlumat vermələri xahiş olunur.
Bundan əvvəl benzinin bahalaşması ilə əlaqədar keçirilən aksiyalarda öldürülən soydaşlarımızdan bir neçəsinin kimliyi müəyyən edilib:
- Əmir Hüseyn Abasi (Zəncanda öldürülüb)
- Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb)
- Əli Hüseyni (Təbrizdə öldürülüb)
- Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb)
- Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb)
- Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində öldürülüb)
Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri güc strukturları tərəfindən qətlə yetirilib, lakin hələlik onların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.