Çərşənbə , 15 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəal Aydın Zakiri saxlanılıb

Güney azərbaycanlı fəal Aydın Zakiri saxlanılıb

Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində milli-mədəni fəal Aydın Zakiri saxlanılıb.

Onun yaxınlarının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri avqustun 1-də fəalın iş yerinə müraciət edərək onu saxlayıblar.

Deyilənlərə görə, təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün fəal və onun yaxınlarının müqaviməti ilə üzləşib, nəticədə qarşıdurma yaranıb. Fəala qarşı güc tətbiq edən məmurların gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Aydın Zakirinin saxlanması böyük ehtimalla gözlənilən Savalan dağı mərasimi ilə bağlıdır. Təhlükəsizlik qüvvələri ötən çərşənbə günü də fəalla əlaqə saxlayaraq onun Ettelaat İdarəsinə müraciət etməsini və Savalan dağı mərasiminə qatılmamaqla bağlı öhdəlik götürməsini tələb etmişdilər. Fəal təhlükəsizlik qüvvələrinin tələbi qanunsuz olduğuna görə çağırılan idarəyə müraciət etməkdən imtina etmişdir.

Aydın Zakiri bundan əvvəl 2015-ci il fevralın 21-də, Beynəlxalq Ana Dili Günündə təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.

Mədəni fəallar və dağçı gənclər bir neçə ildir ki, yayın orta ayında Savalan dağının ətəyində toplaşır. Mərasimdə  Azərbaycan türk millətinin demokratik və milli hüquqlarının təmin olunması tələb olunur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir