Cümə axşamı , 2 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəal Kazım Səfabəxş ikinci dəfədir ki, ad gününü həbsxanada keçirib – Evin zindanında

Güney azərbaycanlı fəal Kazım Səfabəxş ikinci dəfədir ki, ad gününü həbsxanada keçirib – Evin zindanında

Güney azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş (Kazım Koroğlu) Tehranın Evin zindanında eyni korpusda saxlanılan məhbuslarla birlikdə ad gününü qeyd edib.
1990-cı il yanvarın 21-də doğulan Kazım Səfabəxşin 30 yaşı var. O ikinci dəfədir ki, ad gününü həbsxanada keçirməli olub.

Fəal 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin zindanına aparılıb.

2019-cu il iyunun 24-də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinin rəisi hakim Müqəyyesə azərbaycanlı fəal haqqında 13 il həbs qərarı çıxarıb. O “qrup yaratmaq və onu idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə üzləşib. Sonralar birinci instansiya məhkəməsinin hökmü apellyasiya məhkəməsi tərəfindən 3 il həbsə endirilib, bu müddətdən 2 ili mütləq icra olunmalıdır.
Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindən olan Kazım Səfabəxş “Tehran traxturçuları” adlanan Güney Azərbaycanın “Traxtur” futbol komandasının azarkeşlərinə başçılıq edib. O “Traxtur”un Tehranda keçirdiyi bütün yarışlarda azarkeş qismində hər zaman aktiv iştirak edib.

Ötən aylarda fəalın ittihamlardan bəraət qazandığı barədə məlumat yayıldı. Hətta onun vəkili Cəfər Xani Şəblu 2019-cu il oktyabrın 15-də bu barədə bir video da paylaşdı. Lakin təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində azərbaycanlı fəal hələ də həbsdə saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir