Tehran sakini olan güney azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş təxminən 17 ay həbsdən sonra Evin həbsxanasından sərbəst buraxılıb.
O aprelin 15-də Təbriz vaxtı ilə saat 17:30-da azad edilib.
İran Məhkəmə Sistemi koronavirus infeksiyası ilə bağlı 5 ildən az həbs cəzası olan və həbs müddətinin ən azı üçdə birini çəkən məhbusların sərbəst buraxılması haqda qərar qəbul edib. Azərbaycanlı fəalın həmin qanuna əsasən sərbəst buraxıldığı bildirilir.
Fəal 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin zindanına aparılıb.
2019-cu il
iyunun 24-də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinin rəisi hakim Müqəyyesə
azərbaycanlı fəal haqqında 13 il həbs qərarı çıxarıb. O “qrup yaratmaq və onu
idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat
aparmaq” ittihamları ilə üzləşib. Sonralar birinci instansiya məhkəməsinin
hökmü apellyasiya məhkəməsi tərəfindən 2 il həbsə endirilib.
Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindən olan Kazım Səfabəxş “Tehran
traxturçuları” adlanan Güney Azərbaycanın “Traxtur” futbol komandasının
azarkeşlərinə başçılıq edib. O “Traxtur”un Tehranda keçirdiyi bütün yarışlarda
azarkeş qismində hər zaman aktiv iştirak edib.
Kazım Səfabəxş azadlığa buraxılsa da, Azərbaycan cəmiyyəti digər milli-mədəni fəallar, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadənin həbsdə qalmasından nigarandır. Soydaşlarımızla birlikdə beynəlxalq insan hüquqları qurumları da koronavirusdan qorunmaq üçün həmin məhbusların azadlığa buraxılmasını tələb edir.