İranda 2019-cu il noyabr ayında benzinin bahalaşması ilə əlaqədar keçirilən kütləvi etirazlar zamanı bütün şəhərlərdə, o cümlədən Güney Azərbaycan şəhərlərində çox sayda etirazçı, bəzən isə etirazlara qatılmayan insanlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.
Urmiyada saxlanılan soydaşlarımız arasında güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar da olub. O yanvarın 15-də Qərbi Azərbaycan Cinayət Məhkəməsinin 101-ci şöbəsinə çağırılaraq təhdid edilib.
Çağırış vərəqəsində fəalın “qanunsuz yığıncaqlara qatılmaq, virtual məkanda müəyyən filmlər yaymaq, yanacaqdoldurma məntəqəsini təxrib etmək, etirazlara çağırış etmək və şüar səsləndirmək yolu ilə ümumi nizam-intizam və ictimai asayişi pozmaq” ittihamı ilə üzləşdiyi qeyd olunub.
Təhlükəsizlik qüvvələri fəalı saxlamaq üçün onun ata evi və digər yaxınlarının evinə hücum çəkdikdən sonra, azərbaycanlı fəal 2019-cu il noyabrın 18-də Urmiyanın “9 Pillə” məhəlləsində yerləşən Ettelaat Şöbəsinə müraciət edib. O 2 gün saxlandıqdan sonra məhkəməyə göndərilib. Təyin olunmuş 100 milyon tümənlik mülki vəsiqəni təmin etdikdən sonra sərbəst buraxılan fəal məhkəmə binasından çıxarkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb. O bundan sonra 5 gün “Sepah”ın təcridxanası, 3 gün isə Urmiyanın mərkəzi müvəqqəti saxlanma təcridxanasında saxlanılıb, sonda isə müvəqqəti olaraq sərbəst buraxılmışdır.
Salar Tahir Əfşar Urmiya “Sepah”ının kəşfiyyat bölümünün təcridxanasında saxlandığı zaman qanunsuz təşkilat yaratmaqda şübhəli bilindiyi bildirilmişdir.