Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı şair və yazıçı Rəhim Qulami həbsxanaya qayıtmayacaq

Güney azərbaycanlı şair və yazıçı Rəhim Qulami həbsxanaya qayıtmayacaq

Novruz bayramından əvvəl məzuniyyətə buraxılan güney azərbaycanlı fəal, yazıçı və şair Rəhim Qulami bir daha həbsxanaya qayıtmayacaq.

Bu barədə Məhkəmə Elektron Sistemi tərəfindən fəala məlumat göndərilib. O həmçinin aprelin 4-də Ərdəbil Həbsxanasının Hökmləri İcra edən Bölümünə müraciət etdiyi zaman ona məhkumluq müddətinin başa çatdığı bildirilib.

Azərbaycanlı fəal martın 12-də Ərdəbil həbsxanasından məzuniyyətə buraxılıb. Onun məhkum edildiyi 1 illik həbs müddətinin 3 ayı qalmışdır.

Ehtimal olunur ki, azərbaycanlı fəalın həbsinin başa çatması İran Məhkəmə Sisteminin ötən günlərdə verdiyi qərarla bağlıdır. Qərarda bildirilib ki, 5 ildən az həbs cəzası olan siyasi məhbuslar həbs müddətinin üçdə birini çəkdiyi təqdirdə azad oluna bilər.

Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılıb. Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Tövhid Əmir Əmini, Kazım Səfabəxş və Məhəmməd Əbdülməhəmmədzadə kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir