Bazar ertəsi , 13 May 2024
Ana səhifə / Azərbaycan / Mustafa Dənizli “Traxtur” komandasının baş məşqçisi oldu

Mustafa Dənizli “Traxtur” komandasının baş məşqçisi oldu

Türkiyədən olan məşhur baş məşqçi Mustafa Dənizli 19-cu super liqa yarışlarında Təbrizin “Traxtur” futbol komandasını çalışdıracaq.

Müqavilə iyunun 13-də “Traxtur”un Türkiyədəki ofisində klubun sahibi Məhəmmədrza Zenuzi, icraçı direktoru Qulamrza Sadiqiyan və Mustafa Dənizli arasında imzalanıb.

“Traxtur” klubunun açıqlamasına görə, müqavilənin müddəti bir ildir, lakin 19-cu super liqa yarışları başa çatdıqdan sonra tərəflər arasında razılıqdan asılı olaraq bu müddət uzadıla bilər.

Bəzi Türkiyə saytları müqavilənin 5 illik olduğunu yazıb. Lakin klub tərəfindən açıqlanan məlumat bu xəbəri təsdiq etmir.

Bununlada Corc Likenzlə müqaviləni ləğv edildikdən sonra Güney Azərbaycan klubunda yaşanan qeyri-müəyyən vəziyyət başa çatdı, artıq klub güclü oyunçular cəlb etməyə başlaya biləcək.

Yeni baş məşqçinin iyunun 17-də Təbrizə gələcəyi gözlənilir.

Mustafa Dənizli “Traxtur” komandasının xarici vətəndaş olan 9-cu baş məşqçisidir. O Ərtoğrul Sağlamdan sonra “Traxtur”la müqavilə bağlayan ikinci türkiyəli mütəxəssisdir.

70 yaşlı Mustafa Dənizli son olaraq ölkəsində “Kasımpaşa” klubunda çalışıb. O bundan əvvəl Türkiyənin milli komandası, “Qalatasaray”, “Beşiktaş” və  “Fənərbaxça”, Azərbaycanın “Xəzər Lənkəran” və İranın “Perspolis” və “Tehran Pas” komandalarını çalışdırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir