Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / Təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində yüzlərlə soydaşımız yaralanıb, 3 nəfər infarkt keçirib- “Traxtur” görüşündə / GÖRÜNTÜ

Təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində yüzlərlə soydaşımız yaralanıb, 3 nəfər infarkt keçirib- “Traxtur” görüşündə / GÖRÜNTÜ

Təbrizin “Traxtur” futbol komandası qurulan ssenarinin nəticəsində aprelin 19-da səhənd stadionunda “Peykan”la qarşılaşmada 0:1 hesabı ilə məğlub olub. Oyun təhlükəsizlik qüvvələrinin hücumu olmadan ötüşməyib.

Hakimin qərəzli mövqeyi bu oyunda da özünü göstərib. “Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, hakim Moud Bonyadifər oyunun 30-cu dəqiqəsində “Traxtur”un lehinə penalti qərarı verib. Lakin köməkçi hakim bu qərarla razılaşmayıb. Bundan sonra hakim fikirini dəyişərək penalti qərarını ləğv edib. Bu məsələ “Traxtur” tərəfdarlarının kəskin etirazına səbəb olub və xoşagəlməz hadisələr əsasən bu andan başlayıb.

Xəbər agentliyinin yaydığı məlumatda qeyd olunub ki, hər zaman sakitliyi ilə seçilən “Traxtur” komandasının baş məşqçisi Corc Likenz “Peykan”la görüş zamanı bir neçə dəfə hakimə öz etirazını bildirib.

Bütün bunlar “Traxtur” tərəfdarlarının etiraz şüarları səsləndirməsinə səbəb olub. Təhlükəsizlik qüvvələri tərəfdarlara qarşı vəhşicəsinə hücuma keçdikdən sonra ara qarışıb. Rezin dəyənək və gözyaşardıcı qazla hücuma keçən hökumət qüvvələri komanda tərəfdarlarını döyərək onlardan bir çoxunu yaralayıb. “Təsnim” xəbər agentliyi hadisələr zamanı 50 nəfərin xəsarət aldığını bildirib. Lakin azərbaycanlı milli-mədəni fəallar yüzlərlə soydaşımızın yaralandığını, bir çoxlarının isə saxlandığını qeyd edib.

Xəsarət alanlar arasında bir azərbaycanlı yeniyetmə görünür. Təhlükəsizlik qüvvələri tərəfindən rezin dəyənəklə döyülən yeniyetmə aldığı zərbələr və gözyaşardıcı qazdan bihuş vəziyyətdə yerə düşüb.

Təbriz Təcili Tibbi Yardım Mərkəzinin rəisi isə “Traxtur”-“Peykan” görüşü zamanı 3 nəfərin infarkt keçirdiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir