Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” klubu: Belə davam edərsə, komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcək

“Traxtur” klubu: Belə davam edərsə, komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcək

Güney Azərbaycanın “Traxtur” futbol klubu komandaya qarşı yol verilən ayrı-seçkiliklərə görə İran Teleradio Şirkətini kəskin tənqid edərək vəziyyətin belə davam edəcəyi təqdirdə komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcəyi barədə xəbərdarlıq edib.

Bu barədə klubun Rəyasət Heyətinin rəisi Abbas İlyasi İran Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə məktub ünvanlayıb.

“İdman şərhçiləri və reportyorlar bütün qövmlərə aid olan milli kütləvi informasiya vasitəsindən sui-istifadə edərək ayrı-seçkiliyə yol verirlər. Xüsusi komandalar var ki, onlar mətbuat apartheidi yaradıb.

İran Teleradio Şirkəti heç bir qövm və ya şəxsə aid deyil. Nə üçün reportyorlar və aparıcıların xüsusi komandalara dəstək verməsinə icazə verilməlidir?!

Nə üçün bizim və ya digər komandaların tərəfdarları öz haqqını tələb etdiyi zaman televiziyada vətənini satmaqda günahlandırılmalıdır?!

Bizim klub və tərəfdarlarımız haqları tapdalandığı zaman etiraz bildirir. Lakin biz buna görə pantürkist və bölücü olmaqda ittiham olunuruq. Şübhəsiz ki, bu işlər bizim öz tələbimizdən geri çəkilməyimizə hesablanıb.

“Traxtur” son iki ildə azarkeş sayına görə dünya üzrə rekord vurub. Nə üçün bu komandanın oyunları paytaxtın iki komandasının görüşləri kimi 3-cü telekanaldan yayımlanmır?! Məgər “Traxtur”un ən azı 30 milyon tərəfdarı  yoxdur?! Hətta qeyd etmək lazımdır ki, “Traxtur” yeganə komandadır ki, beynəlxalq səviyyədə tərəfdarları var, ona görə də bu fürsətdən ölkə üçün istifadə olunmalıdır.

Artıq 50-60 il bundan əvvəlki dövr deyil. O zaman bütün ölkənin əhalisi paytaxtın iki komandasının tərəfdarı idi. Daha zaman dəyişib. Futbolda “Traxtur” kimi yeni qütb yaranıb. Bu komandanın hətta digər iki qütbdən daha çox tərəfdarı var.

Teleradio Şirkətində olduğu kimi, Futbol Federasiyasında da “Traxtur”a qarşı ayrı-seçkiliyə yol verənlər var. Onlar “Traxtur”u bir qütb kimi görə bilmir və təsibkeşlik edərək digər komandaların haqqını tapdalayırlar.”- deyə məktubda qeyd olunub.

Abbas İlyasi vurğulayıb ki, yuxarıda qeyd olunan problemlər öz həllini tapmayana və ayrı-seçiliyə yol verən aparıcılar və reportyorlara qarşı tədbir alınmayanadək  “Traxtur” klubu jurnalistlərin çəkiliş aparmasına icazə verməyəcək.

Məktubun sonunda həmçinin vurğulanıb ki, bu istiqamətdə Futbol Federasiyası da islahat aparmalı və “Traxtur” klubuna qarşı yol verilən ayrı-seçkilikləri aradan qaldırmalıdır.

Abbas İlyasi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir