Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və İslami İrşad və Mədəniyyət Nazirliyinin rəsmisi axund Əli Hüseyni ölkə üzrə yayımlanacaq türk dilində qəzetin təsis edilməsi ilə bağlı fərqli açıqlama veriblər.
Millət vəkili Nadir Qazipur bu barədə fevralın 21-də “Fars” xəbər agentliyinə danışıb.
“Ölkə üzrə yayımlanacaq türkcə qəzetlə bağlı islami irşad və mədəniyyət naziri ilə müzakirələr aparılıb. Qəzetin təsis edilməsi barədə artıq razılıq əldə olunub. Biz isə qəzetin birinci sayı nəşr olunanadək bu istiqamətdəki fəaliyyətimizi davam etdirəcəyik”- deyə o bildirib.
Beynəlxalq Ana Dili Gününü ölkədə yaşayan 40 milyon türkə təbrik etdiyini bildirən Nadir Qazipur İran Teleradio Şirkətinə müraciət edərək ondan istəyib ki, Qərbi Azərbaycan Əyalətinin bütün İranda yayımlanmasına razılıq versin. Bu baş verərsə, ölkədə yaşayan bütün türklər 24 saat yayımlanan televiziya kanalından istifadə edə bilər.
Məsələyə İslami İrşad və Mədəniyyət Nazirliyinin parlament işləri üzrə bölümünün rəisi axund Əli Hüseyni də münasibət bildirib.
“Nazirliyin mətbuata nəzarət heyəti Qərbi Azərbaycanda bütün ölkəyə yayımlanacaq türkcə qəzetin təsis edilməsinə qarşı deyil. Lakin bu qəzeti idarə edəcək bir şəxs tapılmalıdır. Qəzet işi, sıravi iş deyil. Onu idarə edəcək şəxsin maddi imkanı və bu işdə təxəssüsü olmalıdır. Bundan əlavə qəzet üçün jurnalist, fotoqraf və digər işçilər də tələb olunur”- deyə o qeyd edib.
Nazirlik rəsmisi sözlərinin davamında bildirib ki, lazımi şəraitə malik olan bir şəxs olarsa, mətbuata nəzarət şurası bəzi mülahizələri də nəzərə alaraq qəzetin təsis edilməsinə razılıq verəcək. Bu tələb millət vəkili Nadir Qazipur tərəfindən irəli sürülüb, biz də qəzetin nəşr olunmasında maraqlıyıq.
Qeyd edək
ki, İslami İrşad və Mədəniyyət Nazirliyi rəsmisinin gülünc iddiası türk dilində
qəzetin təsis edilməsinə olan qərəzli münasibəti açıq-aşkar göstərir. İranda cari
ildə təkcə Fars Dili Mədəniyyət Evi və Sədi Fonduna 43 milyard tümən büdcə vəsaiti
ayrılıb. Fars dili dövlət büdcəsinin hesabına bir çox xarici ölkədə də tədris və
təbliğ olunur. Bundan əlavə, İranda bütün kütləvi informasiya vasitələri fars
dilindədir və bunların fəaliyyəti üçün kalan məbləğdə vəsait xərclənir. Bu vəziyyətdə
nazirlik rəsmisinin vəsait çatışmazlığı ilə bağlı iddiası bəhanədən başqa heç nə
ola bilməz. Azərbaycan əhalisi artıq bu kimi, bəhanələrlə tanışdır, onun hansı
mövqedən irəli gəldiyini yaxşı bilir.