Cümə , 17 May 2024
Ana səhifə / Azərbaycan / Zəlzələdə ölən azərbaycanlı körpə fidanların səs yazısı qalıb – VİDEO

Zəlzələdə ölən azərbaycanlı körpə fidanların səs yazısı qalıb – VİDEO

Noyabrın 8-i Təbriz vaxtı ilə saat 2:17-də Şərqi Azərbaycanın Tərk şəhəri məntəqəsində baş verən zəlzələ çox sayda insanın ölümü və xəsarət almasına səbəb olub.

Vərənkeş kəndində təbii fəlakətdə ölənlərin arasında Zəhra Abedi və Reyhanə Qurbani adında iki məktəbli də olub. Onlar təxminən 1 il əvvəl Şərqi Azərbaycanın səhənd telekanalında məktəblərinin vəziyyəti və müəllim çatışmazlığı ilə bağlı danışıb. Azərbaycanlı uşaqlar cəsarətli şəkildə öz hüquqlarını müdafiə edib və məktəbdə yaşadıqları problemləri dilə gətiriblər.

Zəhra və Rehyanə cümə günü baş verən zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olub. Azərbaycanlı körpə fidanlar bütün imkanlardan məhrum olan Miyananın Vərənkeş kəndinin sakinləri olub.

Aşağıdakı videoda isə övladını təbii fəlakətdə itirən bir ananın fəryadı əks olunub. Ailənin yaxınlarından biri bildirib ki, Vərənkeş kəndində zəlzələdə bu qədər insanın həlak olması xilasedici və təcili tibbi yardım qruplarının hadisə yerinə gec çatması ilə bağlıdır, onlar vaxtı-vaxtında çatsaydılar, bu qədər insan ölməzdi.

Oxşar fikirləri azərbaycanlı sosial şəbəkə istifadəçiləri də paylaşır. Onlar xilasedici qrupların zəlzələ bölgəsinə gec göndərildiyindən və xəbərin vaxtı-vaxtında ölkə mediası, hətta yerli televiziyalarda işıqlandırılmamasından şikayətlənir.

Bu arada bildirilir ki, Şərqi Azərbaycanda zəlzələ baş verdiyi zaman İran Seysmoloji Mərkəzinin saytına giriş mümkün olmayıb. Bir çox sosial şəbəkə istifadəçisi Twitter hesablarında postlar paylaşaraq sözügedən saytın açılmadığını bildiriblər. Bu səbəbdən bir çox sosial şəbəkə istifadəçisi zəlzələ yeni baş verdiyi zaman hadisə ilə bağlı xəbəri Avropa və Amerika Seysmoloji Mərkəzlərinə istinadən yayıb.

Qeyd edək ki, noyabrın 8-də baş verən təbii fəlakətdən ən çox Vərənkeş kəndi ziyan görüb. Rəsmi açıqlamalara görə, bu kənddə təbii fəlakət nəticəsində 5 nəfər həyatını itirib. Ümumilikdə bir çox şəhər və kənddə hiss olunan zəlzələ 720 nəfərin xəsarət almasına səbəb olub.

Təbriz Tibb Universitetinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Dr. Fərzad Rəhmani 32-i istisna olmaqla xəsarət alanların hamısı ilkin tibbi yardımdan sonra evə buraxıldığını bildirib.
Xatırladaq ki, qeyri-rəsmi mənbələr zəlzələ nəticəsində 11 nəfərin öldüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir