Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / İran / İranlıların Türkiyədə mənzil alması halları 4 dəfə çoxalıb

İranlıların Türkiyədə mənzil alması halları 4 dəfə çoxalıb

Türkiyə Statistika Komitəsi cari ilin yanvar ayı ərzində bu ölkədə xarici vətəndaşlar tərəfindən alınan mənzillərlə bağlı məlumat dərc edib. Bu statistika göstərir ki, Amerikanın nüvə razılaşmasından çıxmasından sonra İranlıların Türkiyədə ev alması halları kəskin yüksəlib.

Yanvar ayı ərzində iranlılar 305 mənzil almaqla, iraqlılardan sonra 2-ci yerdə qərarlaşıblar. Bu isə 2018-ci ilin yanvar ayı ilə müqayisədə 3.7 dəfə artım deməkdir. Alınan mənzillərin əksəriyyəti İstanbul və Antalyada yerləşir. 

İran, İraq və Fələstin vətəndaşları tərəfindən daşınmaz əmlaka olan kəskin təlabat səbəbindən Türkiyədə xarici vətəndaşlara satılan mənzillərin sayı 82% artıb.

Bundan əlavə, iranlılar 2018-ci il ərzində Türkiyədə 3652 mənzil alıblar, bu isə 2017-ci il ilə müqayisədə 4 dəfə artım deməkdir. Bu evlərin əksəriyyəti 2018-ci ilin may ayında ABŞ-ın nüvə razılaşmasından çıxmasında sonra alınıb.

İranlıların ev almaq üçün Türkiyədə nə qədər sərmayə yatırması məlum olmasa da, amma rəsmi Ankara ötən il bu ölkədə mənzil alanlara vətəndaşlıq verilməsi prosesini sadələşdirdiyindən, bu rəqəmi təxmin etmək olar. Belə ki, Türkiyə əvvəllər bu ölkənin əmlak bazarında ən azı 1 milyon dollar investisiya qoyan xaricilərə vətəndaşlıq verirdisə, 2018-ci ilin yayından bu rəqəm 250 min dollara endirilib.

Mülk alınması hallarının çoxalmasına baxmayaraq, 2017-ci il ilə nisbətdə 2018-ci ildə İrandan Türkiyəyə gedən turistlərin sayı 18% azalaraq, 1 milyon 900 min nəfərə düşüb.

İran ilə Türkiyə arasında ticari əlaqələrdə də kəskin azalma müşahidə olunub. Rəsmi statistikaya əsasən, 2018-ci ildə Tükiyə İrana 2.4 milyard dollarlıq məhsul ixrac edib. Bu isə 2017-ci il ilə müqayisədə 26% azalma deməkdir.

Türkiyənin 2018-ci ildə İrandan neft və qaz da daxil olmaqla, 6 milyard 931 milyon dollar civarında etdiyi idxalat 2017- ci il ilə müqayisədə 7.5% azalma göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir