Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin baş direktoru “Savalan dağı”nı YUNESKO-nun dünya irsi siyahısına daxil etdirmək üçün mütəxəssis işçi qrupların təşkil olunduğunu bildirib.
“Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, Nadir Fəllahi işçi qruplarının Ərdəbil Əyaləti Mədəni İrs İdarəsində təşkil olunduğunu diqqətə çatdırıb.
“Mədəni və təbii əsər olan “Savalan dağı” ötən illərdə ölkənin milli əsərlər siyahısına daxil edilib. “Savalan dağı” əyalət üzrə Şeyx Səfiyyəddin Ərdəbili Türbəsindən sonra Ümumdünya İrsi Siyahısına düşəcək potensiala malik olan ikinci əsərdir.”- deyə o bildirib.
Nadir Fəllahinin sözlərinə görə, “Savalan dağı”nın qeydə alınması ilə bağlı hazırlanacaq geniş dosyedə təbii əsərə antropologiya, arxeologiya və digər aspektlərdən diqqət yetiriləcək, işçi qruplar da müxtəlif sahələr üzrə təşkil olunub.
Hökumət rəsmisi araşdırmaların iki ildən az vaxt aparacağını, bundan sonra “Savalan dağı”nın Ümumdünya İrsi Siyahısında qeydə alınacağını bildirib.
Qeyd edək ki, “Savalan dağı” və Şeyx Səfiyyəddin Ərdəbilinin türbəsi ən önəmli potensial turizm məkanları kimi, çoxlu sayda turistin bölgəyə cəlb olunmasına imkan yaradır. Bu, bölgənin iqtisadi inkişafı üçün olduqca əhəmiyyətli məsələdir.