Şənbə , 27 Aprel 2024
Ana səhifə / Azərbaycan / Ərdəbildə 12 bələdiyyə işçisi və podratçıya ağır həbs cəzası verilib

Ərdəbildə 12 bələdiyyə işçisi və podratçıya ağır həbs cəzası verilib

Ərdəbil Ədliyyə İdarəsinin rəisi təmsil etdiyi şəhərin Bələdiyyə İdarəsinin parklar və yaşıllıq zonası təşkilatına aid məhkəmə işi barədə açıqlama verib.

Nasir Ətəbati bu barədə aprelin 20-də jurnalistlərin qarşısında çıxış edib.

“Birinci instansiya məhkəməsi maliyyə pozuntuları ilə bağlı dosye haqda qərar çıxarıb. Hökmə əsasən 12 nəfər uzunmüddətli həbs cəzasına məhkum edilib. Onlardan 6-ı Bələdiyyə İdarəsinin rəsmisi, 6-ı isə podartçıdır.”- deyə o bildirib.

Ərdəbil Ədliyyə İdarəsinin rəisi əlavə edib ki, məhkəmə işi ilə bağlı Ərdəbil Əyaləti Ettelaat İdarəsinin hesabatı əsasında araşdırma aparılıb. Həbsə məhkum edilən şəxslər rüşvətxorluq və dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, İranda bələdiyyə başçısı Şəhər Şurası tərəfindən təyin olunur, bu iki orqan bir-biri ilə əlaqədar şəkildə fəaliyyət göstərir. Həmin orqanlarda yeyinti və rüşvətxorluq faktlarına Güney Azərbaycanın Təbriz, Marağa, Mərənd, Parsabad, Həmədan və digər şəhərlərində də rast gəlinib.

İranda dövlət əmlakını mənimsəmə, rüşvət və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına əsasən İran dünya üzrə korrupsiya səviyyəsinin ən yüksək olduğu ölkələr sırasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir