Güney Azərbaycanın Ərdəbil şəhərində türk dilində “Rasta unçu meydanı” adlanan yerin adı fars dilinə tərcümə edilərək “Rasta ard meydanı” sözü ilə dəyişdirilib.
Məlumata görə, Bələdiyyə İdarəsi artıq həmin məkanda təhrif edilmiş adla lövhə quraşdırıb.
Yerli əhali coğrafi və məntəqə adlarının başqa dilə tərcümə edilməsini təhrif və yanlış əməl adlandıraraq quraşdırılan lövhənin qaldırılması və türkcə olan adın yenidən bərpa edilməsini tələb edir.
Türkcə olan yer adlarının fars sözləri ilə dəyişdirilməsi şübhəsiz ki, İran rejiminin Azərbaycan türklərinə qarşı tətbiq etdiyi asimilasyon siyasəti ilə bağlıdır. Coğrafi məkanların adının dəyişdirilməsi faktına Güney Azərbaycanın bütün bölgələrində rast gəlinir. Bu proses soydaşlarımızın kəskin etirazı ilə qarşılansa da, rejim tərəfindən davam etdirilir.
Bundan
əvvəl Ərdəbil Şəhər Şurasının üzvü Cavad Ənsari və Təbriz 8 saylı Məntəqə
Bələdiyyə İdarəsinin icraçı direktoru Rza Paknəhad kimi, bəzi yerli məsullar
Azərbaycan şəhərlərində türkcə olan yer adlarının dəyişdirilməsinə etiraz
bildirib, bunun şəhərlərin kimliyinə xələl gətirdiyi barədə xəbərdarlıq
ediblər.