Cümə axşamı , 16 May 2024
Ana səhifə / Azərbaycan / “Azərbaycan tarixi və mədəniyyəti” konfransı Həsən Ruhaninin müşavirinin tapşırığı ilə ləğv olunub

“Azərbaycan tarixi və mədəniyyəti” konfransı Həsən Ruhaninin müşavirinin tapşırığı ilə ləğv olunub

Xəbər verdiyimiz kim, martın 6-da təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Mühəqqiq Ərdəbili Universitetində “Azərbaycan tarixi və mədəniyyəti” konfransının keçirilməsinə icazə verilməyib. Konfransın  prezident Həsən Ruhaninin birinci müşaviri Hesaməddin Aşenanın göstərişi ilə ləğv olunduğu məlum olub.

Bu barədə Mühəqqiq Ərdəbili Universitetinin “Xətayi dərnəyi” Teleqram kanalı məlumat yayılıb. Bildirilib ki, konfrans, başlanmasına bir neçə dəqiqə qalmış prezidentin müşaviri Hesaməddin Aşenanın Elm, Tədqiqat və Texnologiya Nazirliyinə göndərdiyi gizli məktub və bunun əsasında nazirliyin Mühəqqiq Ərdəbili Universitetinə təzyiqi ilə ləğv olunub.

Maraqlı məqam ondan ibarətdir ki, nazirlik həmin məktubu olduğu kimi Mühəqqiq Ərdəbili Universitetinə göndərib.

“Son aylarda bəzi millətçilər və bölücü qüvvələr universitetlərdə qövmlərin təhrik olunmasına şərait yaratmağa çalışır. Eləcə də Ermənistanın baş naziri ölkəyə səfər etdikdən sonra bölücü qüvvələr ölkənin şimal-qərbində xüsusi təbliğat aparıb. Bütün bunları nəzərə alaraq universiteti qövmlərarası qarşıdurma məkanına çevirmək olmaz, buna icazə verilməməlidir”- deyə Hesaməddin Aşenanın məktubunda qeyd olunub.

Prezident müşaviri nazirliyə göndərdiyi məktubda “Pəhləvi rejiminə qarşı mübarizə adı ilə İranın əleyhinə fəaliyyət göstərilir” deyə vurğulanıb.

“Azərbaycan tarixi və mədəniyyəti” konfransının mövzusu, Pəhləvi rejimi dövründə Azərbaycanın durumu məsələsindən ibarət olub. Tədbirdə Məhəmməd Rəhmanifər, Rza Zərgəri, Eyvaz Taha və Mənsur Ciddinin çıxış etməsi nəzərdə tutulmuşdur.

Mövzu ilə bağlı azərbaycanlı araşdırmaçı və yazıçı Məhəmməd Rəhmanifər belə yazıb:

“Bu, birinci dəfə deyil ki, mənim müxtəlif universitetlərdə çıxışım ləğv olunur. Amma bəlkə də birinci dəfədir ki, prezident müşavirinin göstərişi ilə ləğv olunur. O prezident ki, “Ümid və Tədbir” şüarı və islahatçıların dəstəyi ilə bu posta seçilib. Onlar hər zaman “söz azadlığı” şüarı ilə çıxış ediblər, lakin heç vaxt o şüara əməl etməyib və inanmayıblar!”

Güney Azərbaycanda milli tələblər gündəmə gəldikcə, təhlükəsizlik orqanları mədəni fəaliyyət sahəsinə müdaxiləsini artırır. Son həftələrdə Mühəqqiq Ərdəbili Universitetində keçirilməli olan “Beynəlxalq Ana Dili Günü” konfransı, Təbrizdə Səccad Zeynalinin “Dirəniş eposu” kitabının təqdimat mərasimi və Təbrizdə “Azərbaycan qadın aşıqları konserti” təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir