Artıq iki həftəyə yaxındır ki, İranda kütləvi aksiyalar davam edir. Bu qəbildən etiraz aksiyaları daha əvvəllər baş versə də, bu aksiyalar tez bir zamanda insan ölümləri bahasına olsa belə yatırılırdı. Bu dəfə isə, vəziyyət fərqlidir. Nədir bu fərq, İranda toplumunun istəkləri nədir?B
Sadiq İsabəyli
– Sadiq bəy, daha əvvəl də İranda bənzər etirazlar baş verirdi, amma bu qədər kütləviləşmirdi. İndiki vəziyyəti fərqləndirən nədir?
– Hakimiyyətə qarşı olan bu kimi etirazlar din adı altında ideoloji-siyasi rejimin iş başına gəldiyindən həmən sonra baş qaldırıb. İnqilabın ilk illərində belə, etirazlar qanunda Vilayəte-fəqih sözünün işlənilməsinə və dini struktrun qurulmasına yönəlmişdi. Həmçinin rejim əldə olunan hakimiyyəti Pəhləvi rejimini devirən siyasi qüvvələrlə paylaşmaq istəmədiyindən onları aradan qaldırmağa çalışırdı ki, bu da ciddi izdihamlı etirazlara səbəb olurdu. Etirazçılar bu ruhani kəsimi “din” adı altında inqilabı oğurlamaqda suçlayırdılar. O dövrdə belə qadınlara qarşı zorakılıqlar getdikcə artmağa başlamışdı və qadınlar hicabla bağlı hakimiyyətin apardığı siyasətə etirazlar edirdilər. Amma rejim bu müxalif səsləri ən qəddar vasitələrlə boğdu. Cumhuri İslami İran adı altında bu gün 43 ildir ki, hakimiyyətdə olan bu rejim zaman-zaman kütləvi etirazlarla qarşılaşıb. Bu etirazlara səbəb rejimin şəriət qanunları əsasında yönəldiyi siyasət, azad media, azad cəmiyyətin formalaşmasına maneələr yaratması olmuşdur. Rejim vətəndaşları şəriət qanunları əsasında ideoloji və siyasi kontrolunda saxlamağa çalışıb, orada siyasi qüvvələrin partiyalaşmasına, təşkilatlanmasına, qeyri-hökümət təşkilatlarının qurulmasına imkan verməyib və hər zaman hakimiyyətin ideoloji təbliğatı belə olub ki, yalnız bir səs eşidilməlidir və o da hakimiyyətin səsidir. Buna baxmayaraq iran adlanan ölkədə seçkilər ərəfəsində seçkilərin saxtalaşdırılmasına və yaxud yoxsulluqla bağlı məsələlərdə müxtəlif çapda etirazlar olub. Ölkədə islahatların aparılması ilə bağlı gecikmələrə görə tələbələrin etirazları və qeyri-fars millətlərin milli zəmində kəskin etirazları olub. Bu etirazlar bir çox şəhərlərə yayılsa da, lazımi qədər kütləviləşməyib və rejim bu etirazları zorakllıqlarla yatırdaraq öz siyasətində geri oturmayıb. Ancaq, rejim etirazların gələcəkdə genişlənmə ehtimalını nəzərə alaraq “islahatçı” adı altında yaratdığı qüvvələri özünə müxalif qüvvə kimi göstərməyə çalışdı ki, güya ölkədə hakimiyyətin siyasətini tənqid edə biləcək müxalif düşüncə və partiyalar var. Hansı ki, guya onlar hakimiyyətin siyasətini bəyənmir və hakimiyyət onlara qarşı dözümlülük, toleranslıq göstərir və onlarla hesablaşır. Bir sözlə, rejim özünə saxta “islahatçı müxalifət” yaratdı. Vətəndaş isə bilirdi ki, bu hakimiyyətin öz oyunudur və onun hüquqlarının verilməsində, qanunların vətəndaşların xeyrinə dəyişməsində bu qüvvələrin heç bir rolu yoxdur. Əksinə yeri gəldikdə, bu “islahatçı” qüvvələr radikal, mühafizəkar qüvvələrlə işbirliyi aparır, vətəndaşların etirazlarına qarşı eyni təhdidləri ifadə edirdilər. Buna görə də insanlar hər iki siyasi cərəyana inanlarını itiriblər.
Bu son etirazların əvvəlkilərdən fərqinə baxdıqda isə, bu etirazların 43 ildə yığılmış haqqsızlıqları özündə əks etdirdiyini görürük. Yeni nəsil bu haqqsızlıqlara dözmür və üsyan edir. Bu xüsusilə gənc qız və oğlanlara şamil olunur. Bu etirazlarda gənc xanımlar daha aktivdirlər və onların içində polis tərəfindən işgəncə olunaraq, güllələnərək öldürülənlər də var. Bu da budəfəki etirazların mahiyyətini əvvəlki etirazlardan kəskin dərəcədə fərqləndirir. Onlardan biri də azərbaycanlı, Miyanalı 20 yaşlı gənc bir xanım Hədis Nəcəfi idi ki, bu etirazlarda 6 güllə yarası ilə dünyasını dəyişdi. Bu hadisələr onu göstərir ki, artıq gənclər hüquqlarndan vaz keçmək istəmirlər və insanlar bunları gördükdə, təbii ki, onlarla həmrəylik göstərir və belə olduqda da etiraz edənlərin sayı artır. Artıq rejim də görür ki, vəziyyət əvvəlki vəziyyət deyil və o demək olar ki, çarəsiz bir durumdadır.
– Güney azərbaycanlılar da aksiyalara müxtəlif milli şüarlarla yanaşı “Azadlıq, Ədalət, Milli Hökümət!” şüarı ilə qoşulur. Siz necə düşünürsünüz, Məhsa Əmininin öldürülməsi son damla idimi?
– Nəzərə almalıyıq ki, bu geniş miqyaslı etirazların təməlində qadınlara qarşı olunan zorakılıqlarla yanaşı, həm də iqtisadi, ictimai, siyasi, mədəni və milli problemlər durur. Orada qeyri-fars millətlərinə qarşı milli-ayrıseçkilik siyasətinin aparılması məsələsi var. Güney Azərbaycanın müxtəlif şəhərlərində “Azadlıq, Ədalət, Milli Hökümət!” şüarları səsləndirilir. Və orada yaşayan Azərbaycan Türkləri bu şüarla öz etirazlarının mahiyyətini ifadə edirlər. Həm azadlıq, həm ədalət istəyir, həm də milli hökümət məsələsini gündəmə gətirirlər. Çünki, fars mərkəzçi siyasət heç bir halda Azərbaycan türklərinin milli və mədəni hüquqlarını tanımayıb və hər zaman azərbaycan türklərinə və eləcə də digər qeyri-fars millətlərə qarşı basqıcı siyasət uyğulayıb. Bununla da onların milli, mədəni, ictimai, iqtisadi hüquqları tapdalanıb və sərvətləri oğurlanıb və mənimsənilib. Güney Azərbaycan sahib olduğu təbii sərvətləri ilə 150 milyonluq bir toplumu yaşatmaq imkanına sahib olduğu halda, ən ağır iqtisadi şəraitdə yaşadılır və öklə daxili zorunlu mühacirət əz çox Güney Azərbaycanda baş verir. Çünki, Güney Azərbaycanın malik olduğu sərvətlər oğurlanaraq, mərkəzin güclənməsi üçün istifadə edilir. Kütləviləşən bu etirazları, təkcə Məhsa Əminin ölümü ilə əlaqələndirmək və bu hadisəni hər şeyin başlanğıcı kimi görmək düzgün deyil. Sadəcə olaraq bu son damla idi ki. İllərdir ki, edilən haqqsızlıqlarla bağlı insanlar üsyana qalxdılar. Bir tərəfdən qadınlar, qızlar, başqa bir tərəfdən qeyri-fars millətləri İran adlanan ölkənin gerçək simasının ortaya çıxması üçün oradakı siyasi hakimiyyətin mahiyyətində nələrin durduğunu dilə gətirdilər. Bu gerçəklər isə bəlli istəklərlə özünü biruzə verir.
Bu gün Güney Azərbaycanda “Azadlıq, Ədalət, Milli Hökümət!” şüarı səslənir. Azərbaycan mehvərli tələblər rejim üçün ciddi bir mesajdır, çünki 43 illik fəaliyyətində rejim Güney Azərbaycanla bağlı heç bir müsbət iş görməyib ki, o ölkədə, o ərazidə, o torpaqlarda yaşayan Azərbaycan Türklərinin rifahı, iqtisadi, siyasi inkişafı, təşkilatlanması, öz sərvətindən özünün bəhrələnməsi, mədəniyyətinə və digər maddi və mənəvi sərvətlərinə sahiblənməsinə şərait yaransın.
Belə olan halda bu etirazlarda konkret tələblər ortaya çıxır və təbii ki, bu tələblər getdikcə artmaqdadır. Mən bunu çox açıq şəkildə deyə bilərəm ki, Azərbaycan Türkləri Güney Azərbaycanın konkret tələblərini irəli sürən, onun arxasınca gedən milli azadlıq hərakatına sahibdir. Təbii ki, bu zaman-zaman rejim tərəfindən narazılıqla qarşılanıb və bundan edib ki, Azərbaycan milli azadlıq hərəkatı digrə qeyri-fars millətləri üçün bir model ola bilər. Buna görə da rejim buna qarşı mənfi təbliğat aparmaqda israrlıdır və bu istəklərin arxasında Azərbaycan, Türkiyə və digər dövlətlərin olması kimi ittihamlar irəli sürür. Amma həqiqət budur ki, Azərbaycan Türkləri rejimin gerçək faşisti və ideoloji mahiyyətini bilir və ondan əmindirlər ki, bu ieologiyaya sahib bir hakimiyyət heç bir zaman millətimizin azadlığını və milli hüquqlarını verməyəcək və bunun yeganə çıxış yolunu özünün milli dövlətini qurmaqda görürlər. Millətimiz milli dövlətçilik istiqamətində düşünülmüş, planlı və tədbirli hərəkət edir. Bu isə uğurlu bir tarixin yaradılmasına şahid olacağımız anlamına gəlir. Mən inanııram ki, Azərbaycan hər zaman olduğu kimi bu dəfə də tarix yazacaq. Ancaq bu dəfə öz tarixini yazacaq. Artıq bundan sonra irançılıqdan, fars mərkəzli hakimiyyət qurub onlardan hər hansı bir hüququn istənilməsindən söhbət gedə bilməz. Azərbaycan artıq özü öz taleyini həll etməyə çalışacaq və bu istiqamətdə fəaliyyət göstərəcək.
– Bəzi şaiyələr var ki, güya artıq polis etirazçılara qoşulur. Bu nə dərəcədə doğru məlumatdır?
– Mən deyərdim ki, bunun hələ tam zamanı deyil. Belə bir təbliğatlar aparıldı ki, güya bəzi yerlərdə bu cür hadisələr olub. Öncələr məişət əzminində keçirilən etirazlarda polis etirazçilara etiraz etmək imkanı verib, amma onlara qoşulmayıb. İndi bəziləri çalışır ki, bu məsələni bugünki hadisələrlə eyniləşdirib gündəmə gətirsin. Amma indiki vəziyyətdə polisin etirazçılara qoşulması yox, deyə bilərik ki, onların öz aralarında ixtilaflar başlayıb və bu getdikcə dərinləşə bilər. Elə buna görə də fars molla rejimi istəyir ki, Livandan 4 min Hizbullaha bağlı polis qüvvəsi gətirsin. Əlbəttə ki, bu çox təhlükəli bir addım olardı. Çünki onların İran adlanan ölkədə yaşayan toplumla heç bir mənəvi bağı yoxdur. Onlar gələrsə, ən qəddar vasitələrdən istifadə edə bilərlər. Bu daha böyük etirazlara, silahlı toqquşmalara qədər davam edə bilər. Rejim belə bir addım atarsa, öz məhvini tezləşdirmiş olar.
Polisin etirazçılara dəstək verməsi bu gün üçün olacaq bir məsələ deyil. Amma bu o demək deyil ki, bu olmayacaq. Gələcəkdə heç şübhəsiz ki, polis vətəndaşın yanında olacaq. Çünki ona da yaşadılan zülm o qədər də az deyil. Onlar da basqı altındadır, zülm altındadırlar. Amma bu zaman tələb edən bir sürəcdir. Biz indi görürük ki, polis gücünü artırmaqda çox ciddi problem yaşayır. Hətta azyaşlı uşaqlara, təxminən 13-15 yaşlı yeniyetmələrə polis paltarı geydirərək, onlara dəbilqə və dəyənək verirək küçələrə çıxardırlar. Amma bu azyaşlı uşaqlardan bu şəkildə istifadə etmək, BMT-nin Uşaq Konvansionuna zidd bir addımdır. Sözsüz ki, bu məsələ insan hüquqlarını müdafiə edən qurumların gözündən qaçmayacaq, rejimin qeyri-insani davranışları müzakirəyə çıxarılacaq və bir daha onun çirkin mahiyyəti ortaya çıxacaq.
– Son olaraq, İranda baş verən hadisələri necə şərh edərdiniz?
– İranda baş verən hadisələrin mahiyyətində bir çox amillər var. Əsas amil bundan ibarətdir ki, ölkə daxilində vətəndaşlar bu rejimin ideolijik siyasətlərinə inanmırlar və rejim ideoligik bir çöküş yaşayır. Artıq rejimin İslam, din, şəriət altında təbliğatı uğursuzluğa düçar olubdur. Çünki, bu təbliğatın mahiyyətinin din və dini inancla heç bir bağlılığı yoxdur. İnsanlar bilirlər ki, oradakı hər şey yalan üzərində qurulub. Hətta bir molla əlini Quranın üzərinə basıb, and içib, insanlara nə deməsindən asılı olmayaraq, insanlar deyirlər ki, “bunu molla deyirsə, yalan deyir”. Belə olan halda təbii ki, mahiyyətcə problem yaşayan bir ideoloji siyasi sistemin uzun müddət hakimiyyətdə qalması qeyri-mümkündür. İran adlanan ölkə də bundan istisna deyil. Bu rejimin bu mahiyyətdə öz varlığını davam etdirməsi çox çətin olacaq. Nəzərə alsaq ki, bu etirazlar getdikcə, kütləviləşir. Nəzərə alsaq ki, yeni nəsil bu hakimiyyətə inanmır, bundan heç bir yaxşı şey gözləmir. Qeyri-fars millətlərinin durumunu da nəzərə aslaq, çox rahatlıqla deyə bilərik ki, indiki halda bu rejim bu etirazlaırn qarşısında duruş gətirə bilməyəcək. Bu isə o deməkdir ki, bu rejim getməkdədir.
Ümid edirəm ki, bu rejimi öz maraqları üçün dəstəkləyən bəzi xarici dövlətlər artıq bu rejimdən öz dəstəklərini geri çəkəcəklər. Belə olan halda İran adlanan ölkədə yaşayan millətlərin kifayət qədər gücü var ki, bu hakimiyyətin varlığına son versinlər. Bu sürəcdə sözsüz ki, Azərbaycan Türkləri öz milli dövlətçilik istiqamətində apardığı mübarizə ilə yeni tarixi dönəmə öz imzasını atmış olacaq.
Bizimyol