Şənbə , 27 Aprel 2024
Ana səhifə / Azərbaycan / Güney Azərbaycanda koronavirus barədə məlumat yayan 36 nəfər həbs edilib

Güney Azərbaycanda koronavirus barədə məlumat yayan 36 nəfər həbs edilib

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində koronavirus infeksiyasının yayılması barədə sosial şəbəkələrdə məlumat yayan 36 nəfər həbs edilib.

Məsələ ilə bağlı açıqlama verən Qərbi Azərbaycan kiber-polisi (Fəta) rəsmisi polkovnik Hafiz Şərifi bildirib ki, sözügedən şəxslər “şayiə yaymaqda və insanların ictimai asayişini pozmaqda” günahlandırılırlar.

Aprel 16 tarixində həbs edilən şəxslərin adı açıqlanmayıb. Məlumata görə, Onlardan 19 nəfəri Urmiya, 8-i Soyuqbulaq, 6-sı isə Bəykəndi (Bukan) sakinidir. Tutulanlar arasında Çaypara, Tikantəpə və Xana (Piranşəhr) sakinləri də var.

İran polisi daha öncə də koronavirus qurbanlarının sayı barədə sosial şəbəkələrdə gerçək məlumat yayan vətəndaşları həbs edib.

Bəzi qeyri-rəsmi mənbələrə görə, İran Məhkəmə Sisteminin sədri İbrahim Rəisi ötən həftə Səhiyyə nazirliyindən koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin ölüm səbəbini gizlətməyə, onların ölümünü digər xəstəliklərin adı ilə təqdim etməyə çağırıb.

O, həmçinin nazirlikdən “sosial şəbəkələrdə yayılmış statistikaların idarə edilməsi” və “koronavirusdan ölənlərlə bağlı xəbərlərlə mübarizə” istiqamətində onlarla əməkdaşlıq etməyi tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir