Güney azərbaycanlı fəal Həkimə Əhmədi 583 gün müvəqqəti saxlandıqdan sonra 2 il həbs cəzasına məhkum edilib.
Azərbaycanlı fəal sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd görtərməkdə ittiham olunub.
Fəal hal-hazırda Şərqi Azərbaycanın Marağa zindanında saxlanılır.
Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Mərənd Şəhər Ettelaat İdarəsinin təcridxanasına aparılıb.
Azərbaycanlı fəal yeni saxlandığı zaman Ettelaat-ın təcridxanasında işgəncəyə məruz qalıb. İşgəncədən qabırğa və barmaqları qırılan fəal 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılıb. O bir neçə gün müalicə edildikdən sonra noyabrın 2-də yenidən saxlandığı təcridxanaya qaytarılıb.
Fəal bir müddət işgəncə edildikdən sonra Marağa zindanına köçürülüb.
O saxlandığı 16 ay müddətində bir neçə dəfə aclıq aksiyası keçirib.
Həkimə Əhmədinin müvəqqəti azadlığa buraxılması üçün 5 milyard riallıq mülki vəsiqə tələb olunub, lakin onun ailəsi belə bir vəsiqəni təmin etmək iqtidarında olmayıb.
İki uşaq anası olan Həkimə Əhmədinin sosiologiya üzrə yüksək lisansı var. O Mərənd şəhərinin fəallarından biri kimi, ana dilində təhsil hüququ ilə bağlı fəaliyyət göstərir.