Şənbə , 14 Dekabr 2024
Ana səhifə / Azərbaycan / Məhsa Mehdili: “Ciloluq” faciəsinin əsas məqsədi bölgənin türk əhalisini soyqırımına məruz qoymaq idi

Məhsa Mehdili: “Ciloluq” faciəsinin əsas məqsədi bölgənin türk əhalisini soyqırımına məruz qoymaq idi

Azərbaycan Dövlət İnformasiya Agentliyində (Azərtac) birinci dünya müharibəsi illərində Güney Azərbaycanın qərb bölgəsində erməni və asuri silahlı dəstələri tərəfindən törədilən “Ciloluq” faciəsi haqda məlumat dərc olunub.

Mövzu ilə bağlı Azərtac-ın müxbiri Güney Azərbaycan Milli Hərəkatının siyasi fəallarından olan Məhsa Mehdili (Mehhdizadə) ilə danışıq aparıb.

Tədqiqatçı-yazıçı Səlmas doğumlu Mahsa Mehdili 1915-ci il hadisələrini şərh edərkən bildirib ki, erməni silahlı birləşmələrinin XX əsrin əvvəllərində Güney Azərbaycanda həyata keçirdikləri “Ciloluq” faciəsinin əsas məqsədi bölgənin yerli müsəlman-türk əhalisini soyqırımına məruz qoymaq idi.

Tədqiqatçı bildirib ki, tarixi mənbələrə görə 1915-1918-cı illərdə erməni silahlı birləşmələri Qərbi Azərbaycan Əyaləti ərazisində 150 mindən çox müsəlman-türk əhalini amansızcasına qətlə yetirib. 1918-ci ilin fevral ayında qırğınlar daha amansız şəkildə həyata keçirilib. Arazın cənubundakı türk-müsəlman əhalisi “Ciloluq” faciəsinin acılarını günümüzə qədər unutmayıblar. Qırğınları Cilo dağı ətrafından gələn erməni silahlıları törətdikləri üçün bu faciə xalqın yaddaşında və mənbələrdə “Ciloluq” faciəsi kimi qalıb. Qırğınlar əsasən Urmiyə, Səlmas və Xoy bölgələrində törədilib.

Məhsa Mehdili

Qeyd edək ki, Məhsa Mehdili “Ciloluq” faciəsi ilə bağlı geniş araşdırma aparıb, onun bu mövzuda türk dilində yayılan bir neçə önəmli məqaləsi var.

Xatırladaq ki, aprelin 24-ü, Bakı vaxtı ilə saat 21:30-da Azərbaycanın dövlət televiziyasında ermənilərin Azərbaycanda törətdiyi cinayətlər, o cümlədən Qərbi Azərbaycan Əyalətində baş verən “Ciloluq” faciəsi ilə bağlı sənədli film yayımlanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir