Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Azərbaycan / Məhəmməd Güneyli barəsində çıxarılan həbs qərarı Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

Məhəmməd Güneyli barəsində çıxarılan həbs qərarı Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

Azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneyli barəsində çıxarılan 6 aylıq həbs qərarı apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib.

Hökm Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi tərəfindən fevralın 16-da yazılı və şifahi şəkildə Məhəmməd Güneyli və onun vəkilinə elan olunub.

Hökmə əsasən azərbaycanlı vəkilin “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edildiyi qərar olduğu kimi qüvvədə saxlanılıb.

Fəal bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən ikinci məhkəmə iclasının sonunda 6 ay həbs cəzasına məhkum edilmişdir.

Fəalın apellyasiya məhkəməsi fevralın 13-də Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsində hakim Dövlət Abadinin sədrliyi ilə keçirilib.

Azərbaycanlı vəkil prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək” kimi qondarma ittihamlarla üzləşib.

Üçüncü məhkəmə iclasında hakim Cinayət Prosessual Məcəlləsinin 280-cı maddəsinə uyğun olaraq fəalın ittihamlarından birini dəyişib. Bundan əvvəl düşmən ölkələrə casusluqda günahlandırılan Məhəmməd Güneylinin ittihamı İslam Cümhuriyyətinə düşmən olan dövlətlərlə irtibat qurmaq və əməkdaşlıq etməklə dəyişdirilib.

Məlumata görə, fəala qarşı irəli sürülən “özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamları hələ də qüvvədədir, ittihamlara Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində baxılır.

Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycanlı vəkil tutulmadan əvvəl, kimliyi məlum olmayan bir şəxs onunla telefon əlaqəsi saxlayaraq Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məlumat verəcəyini bildirib. Vəkil 2019-cu il yanvarın 23-də onunla görüşmək üçün Məlikan şəhərinə gedib. O bir gün sonra “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdır.

Məhəmməd Güneyli saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi, məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib.

Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir