Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Şərqi Azərbaycan Gənclər və İdman İdarəsi stadionda yol verilən təhqirlərə görə “Perspolis” tərəfdarlarından şikayət edib – VİDEO

Şərqi Azərbaycan Gənclər və İdman İdarəsi stadionda yol verilən təhqirlərə görə “Perspolis” tərəfdarlarından şikayət edib – VİDEO

19-cu super liqa yarışlarının 9-cu həftəsində Təbrizin “Maşınsazi” komandası Tehranın “Perspolis” klubunun qonağı oldu. Cümə axşamı günü Azadi stadionunda keçirilən görüşdə ev sahibinin azarkeşləri Azərbaycan türk milləti və “Maşınsazi”nin baş məşçiqi Rəsul Xətibinin ünvanına təhqiramiz söyüşlər səsləndiriblər.

“Perspolis”in irqçi tərəfdarları bundan əvvəlki görüşlərdə olduğu kimi, yenə də aşağılayıcı hərəkətlərə yol verib, Azərbaycan komandasının baş məşqçisi Rəsul Xətibinin anasının ünvanına küçə söyuşləri söyüblər.

Hadisədən bir gün sonra Şərqi Azərbaycan Gənclər və İdman İdarəsi “Perspolis” tərəfdarlarından İran Futbol Federasiyasına rəsmən şikayət edib. İnzibati komitədən təhqirə yol verənlərin cəzalandırılması tələb olunub.

Bu barədə “Mehr” xəbər agentliyinə danışan Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Əyyub Behtac bildirib ki, ünvanına söyüş səsləndirilən insan iki şəhid anasıdır. Bu məsələ ictimaiyyətin hissiyatına toxunub.

Hadisə ilə bağlı mətbuata açıqlama verən Rəsul Xətibi də Futbol Federasiyasını bu məsələyə baxmağa çağırıb.

“Bütün azarkeşlər mənim anamı söydülər. Mənim anam iki şəhid və iki müharibə əlili anasıdır. Əgər ölkədə təhlükəsizlik təmin olunursa, bu şəhidlər və oğlunu məmləkəti və stadionları qorumaq üçün müharibəyə göndərən anaların sayəsində mümkün olub.”- deyə Rəsul Xətibi bildirib.

“Maşınsazi”nin baş məşqçisi bir video paylaşaraq sözügedən təhqirlə bağlı ona dəstək verən Azərbaycan əhalisinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Tehranın “Perspolis” və “İstiqlal” komandalarının tərəfdarları hər zaman Azərbaycan komandaları və türk millətinin ünvanına təhqiramiz şüarlar səsləndirir. Onlar Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə görüşdə sistemli şəkildə “Ölüm olsun türkə” şüarı dilə gətirir. Paytaxt komandalarının görüşündə Azərbaycan türk millətinə qarşı təhqiramiz hərəkətlərə yol verilməsi artıq futbol sərhədlərini təmami ilə aşıb. Bu hərəkətlərin sistemli və ardıcıl şəkildə baş verməsi onun irqçilər tərəfindən planlaşdırıldığını göstərir.

“Maşınsazi”-“Perspolis” görüşü 0:0 bərabər hesabla başa çatmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir