Cümə , 26 Aprel 2024
Ana səhifə / Bəyanat / ŞUŞA QƏLƏBƏSİNİN 1-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSININ BƏYANATI

ŞUŞA QƏLƏBƏSİNİN 1-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSININ BƏYANATI

Bir il bundan öncə noyabr ayının 8-də 2020-ci il tarixdə 29 il işğaldan sonra qəhrəman Azərbaycan ordusu Şuşa şəhərini erməni işğalından azad etməklə Azərbaycan tarixinə şərəfli bir gün yazdı. Qarabağın döyünən ürəyi, musiqi və incəsənət beşiyi olan Şuşanın azad olunması Azərbaycana savaş və siyasət meydanında əsas hədəflərinə çatmaq imkanı yaratdı ki, bununla Azərbaycan öz dövlət sərhədlərinin təmamilə bərpa edilməsi sürəcinə girmiş oldu. Məhz Şuşa qələbəsindən sonrakı mərhələdə diplomatik danışıqlarla erməni işğalçıları Laçın, Kəlbəcər və Ağdam bölgələrindən qeyri-şərtsiz çıxarıldılar.

44 günlük ikinci Vətən müharibəsində Şuşa ilə bərabər Azərbaycanın digər strateji əhəmiyyətli yaşayış bölgələri də işğaldan azad edildi. Azad olunmuş ərazilərimizdə yenidən dalğalanan Azərbaycanın dövlət bayrağı millətimizə qürur hissi yaşatmaqla yanaşı, Azərbaycanı regional və qlobal proseslərin önəmli ölkələri sırasına daxil etdi.

Bu sürəcdə Türkiyə dövlətinin mənəvi və hərbi dəstəyini yanına ala bilən  Azərbaycan dövləti həm də bunu sübut etdi ki, türk dövlətlərinin birlikdə əməkdaşlıq ideyası gerçək əsaslara dayanır.

44 günlük savaş sürəcində və ondan sonrakı proseslərdə İranın Azərbaycan dövlətinə qarşı ermənipərəst mövqeyinin qarşısında Güney Azərbaycanda yaşayan çoxmilyonlu Azərbaycan Türklərinin dirənişi, Azərbaycan dövləti və ordusuna verdiyi dəstək, coğrafi anlamda 200 illik parçalanmaya məruz qalmış bir millətin əslində vahid birlik ideyasının parçalanmadığını, Bütöv Azərbaycana doğru irəlilədiyini göstərdi.


Güneyli və quzeyli bütün azərbaycanlıların mədəniyyət beşiyi Şüşanın azad olunduğu gün millətimizin zəfər günü və bu zəfər tariximizi gerçəkləşdirən şəhidlərimizin ruhu, qazilərimizin və müzəffər Azərbaycan ordusu qarşısında sayğı duruşu günüdür.

Biz GAMAC olaraq Şuşanın Qələbə günü münasibətilə ilə həm savaş, həm də siyasət meydanda cəsarət və müdriklik göstərən Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün dünya azərbaycanlılarını, Azərbaycanın müzəffər Ordusunu, qəhrəman qazılərimizi təbrik edir, bu tarixi gündə şəhidlərimizi sayğı ilə anır və onların qəhrəmanlığını alqışlayırıq.

GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSI                        

   5.11.2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir