Çərşənbə , 1 May 2024
Ana səhifə / İran / İranın neft tankerində iki partlayış olub. Gəminin raket hücumuna məruz qaldığı təxmin edilir

İranın neft tankerində iki partlayış olub. Gəminin raket hücumuna məruz qaldığı təxmin edilir

İranın körfəzdə üzən “ Sanitized” (Sabitti) adlı neft tankerində iki güclü partlayış baş verib. Bu barədə İranın hökumət saytları məlumat yayıb.

Hadisə, oktyabrın 11-i (bu gün) yerli vaxtla sübh saat 05:00-da və 05:20 radələrində Səudiyyə Ərəbistanının Ciddə limanından 60 mil aralıda baş verib. Qırmızı dənizdə üzən İranın Milli Neft Şirkətinə məxsus “Sanitized” (Sabitti)  tankerinin gövdəsində iki partlayış olub. Gəminin əsas iki neft çənində baş vermiş partlayış yanğına səbəb olub, nəticədə neft dənizə sızmağa başlayıb.

20 dəqiqəlik fasilə ilə ayrı-ayrılıqda baş verən partlayışlar nəticəsində neft tankerinin ekipaj heyəti hər hansı bir bədən xəsarəti almayıb.

İranın “İrna” agentliyi bir neçə ekspertə istinadən partlayışların mümkün “terror” hücumu nəticəsində baş verdiyini iddia edir, bəzi mənbələr isə İran tankerinin mümkün raket hücumuna məruz qaldığını təxmin edirlər.

Hələ ki, İran rəsmilərindən heç biri baş vermiş olaya reaksiya verməyib.

Qeyd edək ki, regionda bir-biri ilə rəqabət aparan İranla Səudiyyə Ərəbistanı uzun illərdir bir-birinə qarşı təmsilçi müharibə aparır. Lakin Tehranla Ər-Riyad arasında yaşanan gərginlik, İranın Aramco neft şirkətinə qarşı dron hücumlarından sonra daha da şiddətlənib.

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir